"Şamaxı" söhbəti ətrafında ciddi oyun oynanıldığı dəqiqdir. Amma bu oyunun tərkib hissəsi nədir, yəqin ki, bunu ən yaxşı AFFA, onun icraçı vitse-prezident-baş katib-hər şeyi Elxan Məmmədov bilir. Komandanın ayın 18-də "Sumqayıt"ı Şamaxıda qəbul edəcəyi bu, 100 faizlik bir məsələ idi, onu sizə tam əminliklə deyilrəm. Bütün ölkə bunu yazdı, danışdı. Həmçinin biz də bu haqda yazmışdıq, hətta mən sizə deyim ki, iki tur öncə, "Keşlə" - "Sabah" oyununun səhəri günü "Keşlə"yə çox yaxın olan adam şəxsən bildirmişdi ki, "vse, bu gündən bizə yığışmaq tapşırılıb, "Sumqayıt"ı Şamaxıda qəbul edəcəyik". Həmin şəxs bu postu oxusa yəqin yadına düşəcək, həmin vaxt ona dedim ki, "18 mart söhbətini xəbər kimi yazacam, amma bunu da yadında saxla ki, nə isə bir əmma çıxartmasalar yaxşıdı". Dedi "yox e qardaş, nə əmma birbaşa AFFA-dan tapşırılıb, "Sumqayıt"a da məlumat verilib".

 

Həqiqətən də baş məşqçi Sənan Qurbanov da "Səbail"lə son tur matçından sonra açıqlama vermişdi ki, bu, bizim "Keşlə" adı ilə son oyunumuzdu. Daha sonra Şamaxıdakı stadionun direktoru, hətta səhv etmirəmsə rayonun gənclər və idman idarəsinin rəsisi də açıqlama verərək, stadionun "Sumqayıt"la oyuna hazır olduğunu bildirmişdilər. PFL-in təftiş qrupu da stadiona baxıb müsbət rəy vermişdi. Sadəcə, bunu niyə rəsmi şəkildə ictimaiyyətı açıqlamadılar, bu da çox müəmmalı idi. Görünür, AFFA onlara da tələsməməyi tövsiyyə etmişdi. Çempionatı yayımlayan "CBC Sport" da stadionda yayımla bağlı hansısa problemin olmasına dair məlumat paylaşmamışdılar. Əksinə, aylar öndə arenaya baxış keçirib, hər şeyin qaydasında olduğunu bildirmişdilər. Hər şeyi qoyuram qırağa, AFFA rəsmi şəkildə açıqladı ki, UEFA Şamaxıda beynəlxalq oyunların keçirilməsi üçün sertifikat verib. İndi özünüz düşünün, UEFA-nın beynəlxalq sertifikat verdiyi stadionda yerli çempionat oyunu keçirmək üçün hansı maneə ola bilər? Demək ya həmin sertifikat saxtadı, ya da ortada başqa oyun gedir...

 

Anar XANLAROV