AFFA maddi sıxıntı ilə üzləşib. Hər nə qədər də UEFA və FİFA-dan yardımlar alsa da ölkə çempionatında çıxış edən komandaların əksəriyyətini maliyyələşdirmək az vəsait aparmır.

Rekord.az xəbər verir ki, federasiya artıq balansında olan stadionlara baxmaqda çətinlik çəkir.

Bu səbəbdən sözügedən arenalara yeni sponsorlar axtarılsa da pandemiya səbəbindən bu işlər yarımçıq qalıb. AFFA-ya ən çox yük olan "ASCO Arena"dır. Düzdür, sözdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti "Səbail"in sponsorudur və Bayıl stadionu da məhz onlara görə "ASCO Arena" adlanır. Lakin əməldə bu şirkətdən ciddi dəstək yoxdur və yenə əsas xərcləri və o cümlədən stadionun xərclərini federasiya qarşılayır. Son zamanlar isə artıq bu məsələdə də ciddi çətinliklər var. Belə ki, AFFA da stadionun bütün xərclərini qarşılaya bilmir. Söhbət arenaya baxım səviyyəsindən tutmnuş, işçi personalının maaşlarındakı yubanmaya kimi, hər şeydən gedir.