Azərbaycan Cüdo Federasiyasının (ACF) nümayəndələri Yaponiya səfirliyinin təşkilatçılığı ilə keçirilən ənənəvi Yaponiya mədəniyyəti və Budo festivalında iştirak ediblər.

Rekord.az xəbər verir ki, xüsusi stendlə təmsil olunan federasiya tədbir zamanı ictimaiyyətin diqqətini cüdonun təbliğinə və mühüm sosial məsələlərə yönəldib.

Tədbir boyu iştirakçılar bu idman növünün tarixi, dəyərləri, Azərbaycan cüdoçuları və idmanının gələcək inkişaf istiqamətlərini əhatə edən məlumatlar əldə ediblər. Eyni zamanda, stenddə həm uşaqların, həm də böyüklərin marağına səbəb olan “Söz verirəm” kampaniyası keçirilib. Uşaqlar üçün “bullying” (qısnama) mövzusunda maarifləndirici söhbətlər aparılıb, iştirakçılara sertifikatlar və qolbaqlar paylanıb.

Tədbirdə kata üzrə ekspertlər İbrahim Aslanov və İsmayıl Rzayev cüdonun “kata” texnikalarını nümayiş etdiriblər.

ACF rəhbərliyi Yaponiyanın zəngin mədəniyyətini daha dərindən tanımaq imkanı yaradan və festivalın yüksək səviyyədə təşkilinə görə Yaponiya səfirliyinə səmimi minətdarlığını bildirib.