Azərbaycan Cüdo Federasiyasının Kəmər imtahan komitəsinin təşkilatçılığı ilə İsmayıllı Olimpiya İdman Kompleksində seminar keçirilib. Seminarda Kəmər imtahan komitəsinin üzvləri, Şimal-Qərb regionun müxtəlif klub, cəmiyyət və idman təşkilatından olan məşqçiləri və cüdoçuları iştirak ediblər.

Rekord.az xəbər verir ki, seminarda ötən il Beynəlxalq Cüdo Federasiyasının (BCF) akademiyasında yüksək nəticə əldə edən peşəkar cüdo məşqçiləri tərəfindən imtahanlarda tələb olunacaq fəndlər əyani şəkildə nümayiş etdirilib.

Seminar zamanı fəndlərin düzgün icra edilməsi, imtahanların proqramları, qiymətləndirmə meyarları barəsində müzakirələr aparılıb. Bu ilin oktyabr ayında keçirilməsi planlaşdırılan kəmər imtahanları haqqında ətraflı məlumat verilib. Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Kəmər imtahanlarının əsas məqsədi cüdo idman növünün fundamental, keyfiyyətli inkişafı, beynəlxalq standartlara uyğunlaşdırılması, həmçinin, bu idman növü ilə məşğul olan uşaq və yeniyetmələrin kəmər dərəcələri vasitəsi ilə həvəsləndirmə prosesinin effektiv təşkilini həyata keçirtməkdir.

Qeyd edək ki, kəmər imtahanları regionları da əhatə etmək şərtilə oktyabr ayından etibarən ildə ən azı 2 dəfə olmaqla təşkil edilməsi planlaşdırılır.