Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Ayşən Abduləzimova Macarıstan çempionatının startına az qalmış hazırlıq turnirində mübarizə aparıb. "Rekord.az" xəbər verir ki, voleybolçumuzun şərəfini qoruduğu "Vasas" klubu Macarıstanda təşkil olunan "II Szent Benedek" kuboku qalibi olub.

"Vasas"in finaldakı rəqibi yarışa ev sahibliyi edən və millimizin digər üzvü Nikalina Başnakovanın formasını geyindiyi "Szent Benedek" klubu olub. İki voleybolçumuzun qarşıdurmasında sevinən tərəf Ayşən və rəfiqələri olub. "Vasas" 3:0 (25:21, 25:21, 27:25) qələbə ilə hazırlıq turnirinin çempionu olub.

Həlledici görüşdə təcrübəli blokçumuz Ayşən Abduləzimova 10 xal qazanmaqla komandasının qələbəsində əsas pay sahiblərindən biri olub. Yarışı ikinci yerdə başa vuran hücumçumuz Nikalina Başnakova isə komandasının hesabına 5 xal yazdırıb.