Premyer Liqada 7-ci tur geridə qaldı. Öyrəndik ki...


- Sırf oyununa görə Premyer Liqadan düşməyə 1 nömrəli namizəd "Sumqayıt"dı. İliç heyətin yetərsizliyindən gileylənə bilər, düz də edər. Bir dənə Mumini zədəli idi deyə yerində oynatmağa oyunçu qalmamışdı. Ya gənc Nadir oynamalı idi, ya da mərkəzdəki Senhadji. İkinci variantı seçdi, o qədər də uğurlu olmadı. Bir-iki belə detala getmək olar. Başqa komandalarda da heyət problemləri var. Amma onlar bu qədər boz futbol oynamırlar. İşin məşqçilik tərəfi də var axı. Səbuhinin "6 nömrə" mövqeyində "boğulduğunu" görmək üçün alim olmağa ehtiyac yoxdu, məsələn. Bütün gücü cinahlara toplanan "Turan"a qarşı dayanmadan cinahdan oynamağın da bir məntiqini tapmaq olmur. Siyahını uzada bilərəm. İliç xallar qazanmağa başlamalıdı. Yoxsa Azərbaycandakı macərası vaxtından tez başa çata bilər.


- Hakimlərimiz özlərini toplamalıdılar. Avropada ÇL-i idarə etmək asandı, çünki orda sənin iş bacarığın sınağa çəkilir. Əsas olan daxildə bunu edə bilməkdi. Burda sənin həm də fərdi keyfiyyətlərin bərkə-boşa düşür, sənin psixoloji möhkəmliyin ön plana çıxır. Sırf bu turun "Neftçi" məsələsinə yazmamışam bunu. Hərçənd bu qısa müddətdə bu komandanın nəticələrinə təsir edən səhvlər edilib, narazı qalmağa da haqları var. Əsas olan səhvlərin davam etməməsidi. 


- "Turan" Premyer Liqanın lideridi və bunu tam haqq edir. Berdıyev nəticə məşqçisidi və nəticə qazandıqca kimsə ona əlavə söz deyə bilməz. Üstəlik, tovuzlular son turlarda bol qollu oyunlara da imza atırlar. Bu məqam azarkeşləri sevindirməyə bilməz. Çatışmazlıqlar da var və mövsümün gedişində mütləq düzəldilməlidi. Hələliksə, liderə salam.


- "Kəpəz"də Azər Bağırovun toxunuşu hiss olunur. Ancaq bu heyətlə çox şeyə nail olmaq mümkün olmayacaq. Azı 2 yeni transferə ehtiyac var.


- "Karvan" - "Sabah" matçını tribunadan 200, "Araz" - "İmişli" matçını isə 150 nəfər izləyib. Normal toya bundan çox adam yığılır.


- Bu tur "Qarabağ"ın start heyətində meydançaya 7, "Sabah", "Turan" və "Şamaxı"nın heyətində isə 2 yerli futbolçu çıxıb.