Misli Premyer Liqasının 6-cı turu bir sıra maraqlı məqamlarla yadda qaldı. Vahid lider, qırmızı vərəqə, sayılmayan qollar, iddialıların xal itkisi. Tura qısa nəzər salıb, fikirlərimizi bölüşəcəyik:



"İmişli" - "Zirə" 1:1
"İmişli" hələ ki, yaxşı mənada dirənir. Məlum məsələdir ki, bu heyətlə, bu oyun tərzi ilə çox duruş gətirmək olmayacaq. Futbolçuların əzminə döyüşkənliyinə qətiyyən kölgə salmaq istəmirəm. Bu günə qədər qazandıqları hər xalı döyüşüb alıblar. "Sumqayıt"a texniki məğlubiyyət olmasaydı indi 3-cü pillədə onlar idi. Sadəcə, bütün çempionatı müdafiədə oturmaqla xal götürmək mümkün deyil. Çempionatda artan təzyiq fonunda "İmişli"də qırılma olacaq. Bu mənada indi qazanılan hər xal Premyer Liqada qalmaq uğurunda qızıla bərabərdi.
"Zirə"yə gəlincə, Rəşad Sadıqovun komandası stabil çıxışını davam etdirir. Komanda "Qarabağ"dan sonra çempionatın ən məsuldar ikinci, məğlubiyyətsiz isə yeganə komandasıdır. Bu cür davam etsələr, uzun müddət ilk "üçlük"də qalacaqlar.


"Qarabağ" - "Qəbələ" 2:0
"Qarabağ" "Araz Naxçıvan"a qarşı olan amansızlığını "Qəbələ"yə qarşı göstərmədi. Etiraf edək ki, Qurban Qurbanovun komandası istəsəydi, ilk dəqiqədən azlıqda qalan rəqibə çox rahatlıqla 5-6 top vura bilərdi. "Araz Naxçıvan" kimi daha güclü komandaya 5 top vuran biri üçün "Qəbələ"yə qarşı bunu etmək problem deyildi. Sadəcə, buna getmədilər və güclərinin 30-40 faizindən istifadə etməklə iki qolla kifayətləndilər.
"Qəbələ" isə hələ ki, stabil relsə düşə bilmir. Sxadadzenin komandası yalnız ötən turda aşkar autsayder "Kəpəz"i məğlub edib. "Qarabağ"la oyun məlum məsələdi. Qarşıdakı iki turda isə "Qəbələ"ni evdə "Şamaxı" və səfərdə "İmişli" ilə vacib oyunlar gözləyir. Hansı ki, hər iki komanda onlara uyğun rəqiblərdi və qələbə şansları eynidir. Əgər "Qəbələ" bu iki oyundan heç olmasa birində qələbə qazana bilməsə turnir cədvəlinin zirzəmisindən çıxa bilməyəcək.


"Şamaxı" - "Araz Naxçıvan" 1:1
Ayxan Abbasovun "Şamaxı"sı yenə öz ampluasındadır: döyüşkən, mübariz. "Araz Naxçıvan"ı da məğlub etməyə yaxın idilər. Sadəcə, rəqibin heyətində təcrübəli və daha keyfiyyərli futbolçuların çoxluğu sonda sözünü dedi və Naxçıvan təmsilçisi məğlubiyyətdən qaça bildi. Şamaxıda oynamağın çətinliyini nəzərə alsaq, Elmar Baxşıyevin komandası 1 xalı da münasib nəticə hesab etməlidir.


"Neftçi" - "Karvan" 0:0
Ötən turda səfərədə "Sumqayıt"ı gözlənilmədən 2:0 məğlub edən "Neftçi" bu dəfə öz meydançasında eyni gözlənilməzliklə "Karvan"a 1 xal hədiyyə etdi. Hansı ki, qalibiyyətsizlik yükünü çiyinlərindən atan "ağ qaralar" rahat qələbə qazanıb ilk "beşliy"ə girməli idi. Etiraf edək ki, "Neftçi" bu oyunu çox üstün oynadı. 2-3 oyuna bəs edəcək qədər qoil epizodları yaratdı. Sadəcə, problem odur ki, bunlardan istifadə olunmadı. Sözsüz, rəqibin qapıçısı Kamran İbrahimovun oyununu da xüsusi qeyd etmək lazımdı. Adam sanki "Neftçi"yə qarşı tək oynadı. Amma istəniln halda, yaradılan 7-8 epizoddan heç olmasa, biri vurulmalı idi. Komandada "vuran ayaq" probleminin olduğu aşlar sezilir. Yeni hücumçu transferi də bu mənada tam yerinə düşdü. Çünki Sambu ilə bu iş alınana oxşamır. Düzdür, hələ də şans vermək və imkan yaratmaq lazımdı. Amma 6 turun özü də tam olmasa da, bir hücumçuya özünü göstərmək üçün qismən kifayət edəcək zamandı. Sambu hələ ki, bu şansı boşuna verir. Şamaxıda 3 metrdən topu boş qapının üstündən vurdu. Ötən tur "Sumqayıt"la oyunda meydançada olduğu 1 saatı boşa verdi, "Karvan"la oyunda da əlverişli mövqeydə olmasına baxmayaraq 7-8 metrdən topu quşlara vurdu. Adama başa salmaq lazımdır ki, legionersən, bir ətək pul alırsan, ayılmalı və qol vurmalısan.
"Karvan" isə ardıcıl məğlubiyyətlərdən sonra çox vacib 1 xal qazandı. Bu xal sayəsində "Qəbələ"dən də aralandılar. Oktyabrdan komanda doğma rayonuna qayıdacaq və doğma publika önündə daha inamlı oynayacaq. Rəqibləri üçün də Yevlaxda oynamaq çətin olacaq. Bu mənada 6 tura toplanan 5 xal çox böyük önəm daşıyır.


"Turan Tovuz" - "Kəpəz" 3:0

Hesab hər şeyi deyir. Ötən turda "Sabah"a 0:2 uduzan Tovuz təmsilçisi Bakıda keçirilən "Qərb derbisi"ndən çox mühüm 3 xal götürə bildi. Kurban Berdiyevin komandası hələ ki, baxımlı, rəngarəng oyun oynamır. Daha çox praqmatik oyun tərzinə üstünlük verirlər. Bu oyun tərzi ilə isə zirvədə çox duruş gətirmək çətindi. Berdiyev komandanın oyununa bir qədər rəngarənglik qatmalıdır.
"Kəpəz" haqda isə əlavə nə isə deməyə ehtiyac yoxdur. 6 oyuna 6 məğlubiyyət, 0 xal. Növbəti turda rəqibin "Qarabağ" olduğunu nəzərə alsaq, bu mənfi tendensiya 7/7-ə olacaq. Çox çətindi. Keçən ilki o cür heyəti, o cür sistemi yerli-dibli dağıtmaq, onu quran məşqçini göndərmək, əvəzində ayağı top tutmayan legionerləri "Kəpəz"ə doldurmaq, komandanı biabırçı duruma salmaq... Nə bilim. "Kəpəz"ə, Gəncə futboluna nə qədər nifrət etməli, ona düşmən olmalısan ki, bunu edəsən.


"Sabah" - "Sumqayıt" 1:1
Qısa desək, "Sabah"ın bəxti gətirmədi, "Sumqayıt"ın isə əksinə, bəxti gətirdi. Ötən tur "Turan Tovuz" üzərində inamlı qələbə qazanan Dambrauskasın komandası "Sumqayıt"a qarşı da çox yaxşı oynadı, 90 dəqiqə böyük üstünlüyə sahib oldu, 3 qol da vurdu. Lakin bu 3 qolun ikisi VAR-ın müdaxiləsi ilə ləğv edilincə, komanda 1 xalla kifayətlənməli oldu.
"Sumqayıt" isə əminliklə demək olar ki, 1 xal qazandı. Bu da yuxarıda qeyd etdiyim kimi, bəxt sayəsində oldu. "Sabah" oyun planında Sumqayıt təmsilçisini üstələdi. Di gəl ki, ik epizodda yaşanan incə detallar "Sumqayıt"a 1 xal qazandırdı. Lakin İliç oturub ciddi-ciddi düşünməlidir. Komandası 4 turdur ki, qələbə qazana bilmir. "İmişli" ilə oyundakı texniki qələbə olmasaydı komanda bu gün 7-ci yerdə dayanıb "Neftçi" və "Şamaxı"ya qonşuluq edirdi. Sumqayıtlılar qarşıdakı iki oyunu ardıcıl olaraq evdə keçirəcək və 6 xal götürmək üçün gözəl fürsət yaranıb. İliç artıq məşqçilik bacarığını ortaya qoymalıdır. "Sabah"la oyunda yenə əvəzləmələrdə səhvlər buraxdı. Komandanın ən fəallarından olan Yankoviçi yenə əvəzlədi. Ninkoviçin start heyətində yer alması səhv addım idi. Bu futbolçu hələ hazır deyil, artıq çəkisi var və "Sabah" kimi sürətli, dinamik oynayan komandaya qarşı onu əsas heyətdə meydançaya buraxmaq risk idi. Müdafiə xətti çox bərbaddı. "Sabah" "Sumqayıt"ın müdafiə xəttini çox rahat şəkildə yara bilirdi. Buraxılan qolda da aşkar görünür ki, rəqib çox rahatlıqla cərimə meydançasına qədər gəlib qol vurur. Sayılmayan ilk qolda da Mikesl "Sumqayıt" müdafiəçilərini çox rahat keçdi. Sayılmayan ikinci qolda da iki müdafiəçi onun qarşısını ala bilmədi. Bir müdafiə xətti rəqib futbolçulara qapıçı ilə bu dərəcədə rahat üz-üzə qalmaq imkanı verməməlidir.

Anar XANLAROV