Premyer Liqada 25-ci tur geridə qaldı. Öyrəndik ki...

- yeni çempionu qarşılamağa hazır olmalıyıq. "Qarabağ" həm öz klub, həm də ümumilikdə ölkə futbolu tarixinin ən uğurlu mövsümündə ÇL yükünün altından çıxa bilmədi. Fiziki, psixoloji və funksional hazırlıq bu intensivliyə hazır deyildi. Bundan da "Sabah" yararlanacaq kimi görünür. Bəli, hələ 8 tur var, hər şey ola bilər. Amma reallıq başqadır. Masazır komandasının bu imkanı əldən verməsi inandırıcı deyil.

- Maraqlıdır ki, "Turan" iki qolsuz bərabərliyə qalmasaydı, indi 2-ci pillə üçün "Qarabağ"la mübarizəyə qoşula da bilərdi. Amma 3-cülük də pis nəticə deyil. Berdıyevin yetirmələri sakitcə hədəfə - avrokuboka doğru irəliləyirlər. Bu yolda onların qarşısını kəsəcək ciddi qüvvə isə görünmür.

- "Zirə"ni saymaq olardı. Ancaq bu komanda hələ "Araz" və "Neftçi"nin təqibi haqda düşünməlidir. Yuri Vernidub iddialı qrafiklə irəliləyir. Ukraynalı çalışdırıcı ortaya əla iş qoyub. Mütəxəssisin əlinin altındakı materialdan maksimum istifadə etmə bacarığı yüksək səviyyədədir. Varqasın son "İmişli" matçındakı performansını tamlıqla məşqçinin aktivinə yazmaq lazımdır. Emil Səfərovla bağlı da eyni sözləri yaza bilərik. Bəli, rəqib güclü deyildi, ancaq bu rəqibi də bu formada yenmək az iş deyil.

- "Qəbələ" uğursuz nəticələrə görə Sxadadze ilə yollarını ayıracaqsa, bunu məhz indi - milli fasilə zamanı etməlidir. Komanda özünün övsümün əvvəlindəki rəngarənglik, güc, istəyinin kölgəsində qalır. Mən hələ də Kaxanın oynatdığı futbolu bəyənirəm. Ancaq iş artıq gözəllikdən keçib. Bu futboldur, burada uğur nəticə ilə ölçülür. Hazırda 11-ci pilləyə real namizəd elə "Qəbələ"dir. Bu cür gedişat davam edərsə, II Liqadan gələvək rəqib də onları üstələyər və bu, bir sensasiya olmaz.

- Əvəzində "Kəpəz" yuxarı addımlayır. Azər Bağırov haqda fikrimi dəfələrlə bildirmişəm, təkrara ehtiyac duymuram. Düşünürəm ki, klub rəhbərliyi yavaş-yavaş gələn mövsüm üçün hazırlıqlara başlamalıdır. Artıq aprelin ortalarında komandadan gedəcəklərin siyahısı bəlli olmalı, onları əvəzləyəcək oyunçuları axtarışı başa çatdırılmalıdır. Yayda qaçaqaça düşüb "yoldan keçənləri" komandaya yığmaq səhvi bir daha təkrarlanmamalıdır.

- Yaz gəlib. Əla hava var. İmkanınız varsa, çıxıb gəzmək, istirahət etmək şansını qaçırmayın.