Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılıb.

Rekord.az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərindəki Avropa Futbol Evində təşkil olunub.

Püşkatmaya qitənin 31 çempionu və ilkin mərhələnin qalibi qatılıb. Burada yarımfinalda “HB Torshavn” (Farer adaları) - “İnter” (Andorra) və “Folqor” (San-Marino) - “Priştina” (Kosovo) cütləri qarşılaşacaq.

Azərbaycan çempionu “Neftçi”nin də ÇL-dəki ilk rəqibi bəlli olub. “Ağ-qaralar” Gürcüstan çempionu “Dinamo” (Tiflis) ilə qarşılaşacaq. Püşkə əsasən, ilk oyun Tiflisdə, cavab görüşü Bakıda keçiriləcək.

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 6-7-də, cavab görüşləri 13-14-də baş tutacaq.

İyunun 16-da “Neftçi”nin növbəti mümkün rəqibləri bəlli olacaq. Qaliblər üçün Çempionlar Liqasının, məğlublar üçün Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin püşkü atılacaq.

Püşkdə Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Legiya” klubunun da rəqibi bəlli olub. Polşa təmsilçisi bu mərhələdə Norveç çempionu “Bodo Qlimt”lə qarşılaşacaq.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi

Fola (Lüksemburq) – Linkoln (Cəbəllütariq)
Slovan (Slovakiya) – Şemrok Rovers (İrlandiya)
Malmö (İsveç) – Riqa (Latviya)
Bodo Qlimt (Norveç) – Legiya (Polşa)
Konnah (Uels) – Alaşkert (Ermənistan)
HJK (Finlandiya) – Buduçnost (Monteneqro)
ÇFR Kluj (Rumıniya) – Borats (Bosniya və Herseqovina)
Şkendiya (Şimali Makedoniya) – Mura (Sloveniya)
Teuta (Albaniya) – Şerif (Moldova)
Dinamo (Tiflis, Gürcüstan) – Neftçi (Azərbaycan)
Makkabi (Hayfa, İsrail) – Kayrat (Qazaxıstan)
Ludoqorets (Bolqarıstan) – Şaxtyor (Soliqorsk, Belarus)
Ferentsvaroş (Macarıstan) – İlkin mərhələnin qalibi
Jalgiris (Litva) – Linfild (Şimali İrlandiya)
Flora (Estoniya) – Hibernians (Malta)
Dinamo (Zaqreb, Xorvatiya) – Valyur (İslandiya)