Çimərlik futbolu üzrə ilk dəfə təşkil olunan Naxçıvan Muxtar Respublika çempionatında növbəti oyunlar keçirilib.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Naxçıvan Muxtar Respublikası  Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı, “Arazbet”in baş sponsorluğu ilə keçirilən çempionatda azarkeşlər iki oyuna şahidlik ediblər.
Uzunoba gölü ətrafında yeni inşa olunan çimərlik meydançasının ilk qonaqları “Panter” və “Hava Limanı” komandalarının futbolçuları olub. “C” qrupunun ilk görüşü gözlənildiyi kimi gərgin mübarizə şəraitində keçib. İlk dəqiqələrdən üstünlüyü ələ alan “Panter” komandası bunu sonadək davam etdirib və görüşü 5:2 hesablı qələbə ilə başa vurub.
Günün ikinci qarşılaşmasında “D”qrupunun təmsilçiləri – “Antiinhisar” və “Yaycı” komandaları üz-üzə gəlib. Görüş “Antiinhisar” komandasının qələbəsi ilə başa çatıb - 11:10.
Qeyd edək ki, çempionatda ikinci turun oyunları 11 və 12 avqust tarixlərində keçiriləcək.