"Sumqayıt"da "Şanxay layihəsi": 22 minlik stadion da nəzərdə tutulub
- 15:00
- 46
Sumqayıt şəhərində irimiqyaslı yeni urbanizasiya layihəsinin icrasına başlanılması planlaşdırılır.
"Rekord.az" xəbər verir ki, layihə çərçivəsində Çin investorlarının Sumqayıta sərmayə yatıracağı, mövcud yaşayış massivlərindən birində yerləşən taxta “fin” evlərinin söküləcəyi və ərazidə tamamilə yeni şəhərcik salınacağı bildirilir.
Məlumata görə, layihə şərti olaraq “Şanxay” adı ilə tanınacaq. Yeni şəhərcikdə müasir tipli çoxmərtəbəli yaşayış binaları, AVM (alış-veriş mərkəzi), əyləncə və istirahət zonaları, həmçinin sosial infrastrukturların – məktəb, uşaq bağçası və ictimai xidmət obyektlərinin yaradılması nəzərdə tutulur.
Əldə etdiyimiz məlumata görə isə, sözügedən ərazidə yerləşən "İnşaatçı" stadionunun da bu layihəyə daxil ediləcəyi gözləniir. Planda "Əşya bazarı" adlanan ərazidə idman şəhərciyinin salınması nəzərdə tutulub. "İnşaatçı" stadionu da bu layihə çərçivəsində yenidən qurulacaq. Yeni stadionu da çinlilər tikəcək və tutumu təxminən 22 min nəfər olacaq. Hazırda layihə üzərində iş gedir.
"İnşaatçı" stadionu 1955-ci ildə inşa olunub. 5 min tamaşaçı tutumuna malik stadion uzun müddət ölkə futboluna xidmət edib. Hazırda isə demək olar ki, yararsız vəziyyətdədir.