Öncə ondan başlayım ki, havanın soyuq, yağışlı, küləkli olmasına baxmayaraq azarkeşlər tribunaları boş qoymamışdı. "Socar Polymer Arena"nın tutumu az olsa da, tam dolmuşdu. Baxmayaraq ki, biletin qiyməti 5 manat idi.


Oyuna gəlincə, komandaların hədəfləri, büdcələri, heyətləri fərqli olsa da, mövcud durumları oxşar idi. Hər iki komandada yenilənmə, formalaşma gedir. Qurban Qurbanov bu oyunu çox ciddiyə almışdı. Musa Qurbanlı istisna, start heyətində yer alan bütün futbolçular əcnəbilər idi. İsmail və Makreçkis də start heyətində idi. Əslində oyuna ümumi nəzarət "Qarabağ"ın əlində idi. Lakin Kadinin yersiz yerə, məsuliyyətsizcəsinə aldığı qırmızı vərəqə qonaqların bütün planlarını pozdu. Çünki "Sumqayıt" ustalıq baxımından geri qalsa da, çox qaçırdı, bununla da azlıqda qalan "Qarabağ"ın müdafiə və yarımmüdafiə xəttini yorurdu. Təsadüfi deyil ki, ikinci hissədə Rüstəm Əhmədzadə və Emil Mustafayevin də meydançaya çıxması ilə bu sürət daha da artı və təhlükəni hiss edən Qurban Qurbanov Bədavi Hüseynovu oyuna buraxmaqla son 10 dəqiqəni tamamilə beşli müdafiəyə oturdu. İstənilən halda, "Qarabağ" ayrı-ayrılıqda futbolçuların fərdi ustalığı hesabına vacib 3 xal götürə bildi. Məsələn, sənin əlində Muaddib kimi futbolçu varsa, "Sumqayıt"la oyunda 10 nəfərlə qalsan belə, qol vurmaq lüksün olacaq. Adam təkbaşına faktiki "Sumqayıt"ın bütün müdafiə xəttinə qarşı oynayıb penalti qazandı.


"Sumqayıt"a gəlincə, komanda "Neftçi" ilə oyunla müqayisədə bu gün daha yaxşı oynadı. Düzdür, deyilə bilər ki, rəqib azlıqda qalmışdı, amma unutmayaq ki, rəqibi də bu "qırmızı"ya vadar edən məhz "Sumqayıt"ın oyunu oldu. Mənim öncədən də "Sumqayıt"la bağlı proqnozum bu olub ki, komanda millinin oyunları ilə bağlı yaranmış fasilədən sonra yüksəlişə keçəcək. İlk 4 turda iddialı komandalarla üzləşməsi də yaxşı oldu. Onsuz da gec yığılmısan, formalaşmaq üçün zamana ehtiyacın var. Bu durumda xal itkisi realdı ki, bunu da iddialı komandalara qarşı itirmək daha yaxşıdı. Çünki bu gün nə "Qarabağ", nə "Neftçi", nə "Sabah", nə də "Turan Tovuz" "Sumqayıt"ın rəqibi deyil. Çünki futbolçuların ustalıq səviyyəsi aşağıdı. "Sumqayıt"ın rəqibi "İmişli", "Qəbələ", "Şamaxı", "Kəpəz", "Şəfa"dır ki, bu rəqiblərə oyuna kimi "Sumqayıt" qismən formalaşacaq və nəticələr qazanmağa başlayacaq. Yeni transferlərə gəlincə, hələ ki, 55 nömrəli Blek çox xoşuma gəlir. Emil Mustafayevdən də gözləntdim çoxdur. Kandido haqda nə demək olar? Açığı çox çətindi nə isə demək. İlkin təəssürat odur ki, Kandido İliç deyil. İliçin dövründə komanda tamam başqa futbol oynayırdı. "Sumqayıt" qış fasiləsinə səhv etmirəmsə, 3-cü pillədə yollanmışdı. Qışdan sonra nə baş verdi, nələr yaşandı, keçmişə qayıtmaq istəmirəm. Kandidonun hələ ki, dəsti-xətti görünmür. Amma cəmi iki tur keçib, ona görə bu məşqçinin işinə qiymət vermək üçün də bir az gözləyək.

Anar XANLAROV