Son nəfəsdə gələn qələbə - yazı
- 13:59
- 41
Puxaçın bu fotosunu paylaşıb heç bir şərh vermədən dünənki qarşılaşmanı qısa və konkret izah etmək olar. Bu qələbə üçün meydanda sözün əsl mənasında can qoymaq lazım idi. Başqa yol görünmürdü. Yox idi başqa yol.
"Hapoel" hələ Rumıniyadakı matçda əsas güclü tərəfinin komanda oyunu olduğunu göstərmişdi. Diqqətli, təmkinli və dəqiq oynayır, enerjilərini qənaətlə xərcləyir, tələsmədən, az səhvə yol verməyə çalışırdılar. Dünənki qarşılaşmanın bir hissəsində də belə oldu. Ran Kozuxun yetirmələri yaxşı pressinq edir, özləri pressinq altından rahat çıxır, hücumun son mərhələsində dəqiq və təhlükəli oynayırdılar və ən əsası maksimum konsentrasiya nümayiş etdirirdilər. Qapıçımızın hər iki səhvindən anında istifadə etmələrinin izahı da məhz bu idi. Pusquda idilər, ordan iki dəfə çıxıb ovlarını ovladılar.
Sonra isə yoruldular. Çünki robot deyillər və insan bu qədər müddət eyni sürət, eyni təzyiqi tətbiq edə bilməz. Sadəcə bu məqamı bilmək, təxmin etmək, hazır olmaq lazım idi. Valdas kimi.
Dambrauskas start heyətində 2 dəyişiklik edərək adətən oyuna sonradan daxil olan Nvaçukvu və Parrislə başlamışdı. Bu ancaq startda rəqibi xüsusilə cinahlarda yormaq, hər iki tərəfin gücdən düşəcəyi ikinci hissədə daha hazır oyunçularla meydanda olmaq məqsədi daşıya bilərdi. Ki, belə də oldu (oyundan sonra özü də bunu təsdiqlədi). Risk idi, çünki qollar buraxa, əldə etdiyimiz epizodları boşa verə bilərdik. O da oldu, amma risk etməsən qələbə qazana bilməzsən. Həm də belə rəqibə qarşı.
Matç qonaqların üstünlüyü ilə başladı. Bir qolları ofsayd səbəbindən sayılmadı, ardınca biz Parrisin ifasında milyon faizlik şansı qaçırdıq. Təzəcə qızışır "qolumuz gəlir" deyirdik ki, israillilərin ağır pressinqi bəhrəsini verdi. Fərqlənəndən sonra "oyunun ipi" onlarda idi. Biz də şanslar qazanırdıq, ancaq bunu oyunçuların fərdi bacarıqlarına daha çox borclu idik desək, yanılmarıq. Sadəcə bu durum uzun davam edə bilməzdi. Çünki öncə də dediyimiz kimi rəqib futbolçular da dəmirdən deyildilər, yorulmaları da normal, təbii idi. Məhz bu məqamda həmlələri dayandırmamaq, basqını artırmaq gərəkirdi. "Sabah" belə də etdi. Və istəyinə çatdı - 1:1.
Tamaşanın əsas pərdəsi fasilədən sonra oynanılacaqdı. Plana görə, 60-cı dəqiqədə Mbina və İsayev döyüşə atılmalı, həm hücumu gücləndirməli, həm də orta xəttə təzəlik gətirərək ümumi intensivliyi artırmalı idi. Amma məhz həmin vaxtda Pokatilov 2-ci dəfə "səhnəyə çıxdı". Qolkiper faktiki turu rəqibə qazandırmaq üçün əlindən gələni etdi. İsraillilərin vurduğu hər iki qol birbaşa bu qapıçının "əməyi"nin sayəsində mümkün oldu. Birincisində, topu tuta bilməyib təkrar zərbə imkanı yaratdı. Sonra isə böyük səhv qərarla topu birbaşa rəqibə verərək aşırma zərbə ilə "Bəhramov"u şoka salmalarına vasitəçi oldu. Hər şey bitmişdi kimi hiss vardı hər kəsdə.
Lakin matç bitməmiş məğlubiyyət olmur. Deyilən əvəzetmələr edildi, hər şey yenidən başladı. Taqətdən düşdüyü aşkar görünən "Hapoel" artıq boşluqlar verir, zərbə imkanları yaradırdı. Bunlardan birində Umarali möhtəşəm zərbə ilə hesabı bərabərləşdirdi və ümid işığını yandırdı. Sona yaxınlaşdıqca o ümidlər də azaldıqca, daha bir əvəzetmə ilə müdaxilə gördük. Tellur döyüşə atıldı. 1 il əvvəl eyni ssenariylə çıxıb ölkə kubokunu "Sabah"a qazandıran Tellur.
Və son saniyədə Puxaçın son nəfəsiylə verdiyi ideal ötürmə və müdafiəçimizdən mükəmməl bir zərbə...
Stadion partladı həmin an. Sevincdən darmadağın olduq. Möcüzə idi. Sadə bir möcüzə. Ssenarini özümüz yazsaydıq bu qədər gözəl ola bilməzdi. Hələ də xatırlayanda inanmaq olmur.
Bu qolun gətirdiyi mənəvi üstünlük əlavə vaxtı da xeyrimizə çevirdi. Qonaqların fiziki hazırlığı da sıfıra enmişdi, meydanda az qala yeriyirdilər. Basqımız davam etdikcə özlərindən çıxır, yersiz kobudluğa yol verirdilər ki, nəticəsi də qırmızı vərəqələr oldu. "Sabah"ın futbolçularının üzərinə düşən isə dayanmamaq, təzyiqi artırmaq idi ki, bunun da öhdəsindən yaxşı gəldilər. Əvvəlcə Mbina, sonda isə matçı fantastik səviyyədə keçirən Mikels səhnəyə çıxaraq qələbə hesabını təmin etdilər.
Ağır, yorucu, hərtərəfli taqətdən salan, hey qoymayan matç oldu. "Sabah" komanda olaraq böyük xarakter göstərdi. Aslanlar kimi döyüşdülər, dözüm və istiqrar nümayiş etdirdilər, Çempionlar Liqasında oynamağa layiq oldular. Dünən qarşımızda meydanda son nəfəsini qoyan bir kollektiv, bir dəstə vardı. Onları izləmək böyük zövq idi və hər cür tərifi, alqışı haqq etdilər.
Bravo, "Sabah"!