“Şəfa” klubunun prezidenti Kənan Sadıqlı Premyer Liqaya vəsiqə qazandıqları "Cəbrayıl"la (1:0) matçdan sonra "Rekord.az"-a müsahibə verib. O, ilk öncə qələbə və uğurları barədə hisslərini bölüşüb:


 - Biz bu uğuru gözləyirdik. Qısa müddətə bu nəticəni əldə etdik. 2 il ərzində Premyer Liqaya yüksəldik. Azarkeşlər uzun müddətdən sonra “Şəfa”nı Premyer Liqada izləyəcəklər. Çox sevinirik. Komandanı, baş məşqçini təbrik edirəm! Əziyyətli yol oldu. Şükürlər olsun ki, uğur bizimlə oldu.

 

- Qısa müddətdə bu hədəfin öhdəsindən gələcəyinizi gözləyirdiniz?

 - Məqsədimiz o idi ki, qısa müddətdə Premyer Liqaya vəsiqə qazanmaq hədəfinin öhdəsindən gələk. Çətinliklər oldu, amma şükürlər olsun ki, bunu bacardıq.


- Premyer Liqa ilə bağlı planlarınız nələrdir?

 - Öncədən qeyd etdiyimiz kimi, Premyer Liqada yerli futbolçulara üstünlük verəcəyik. Azərbaycanlı oyunçularla çıxış etmək istəyirik. Birinci Liqada olduğu kimi, Premyer Liqada da eyni qayda ilə davam etmək istəyirik. Başa düşürük ki, bu, resurs cəhətdən çətindir. Çalışacağıq ki, o yöndə gedək. Akademiyaya da güc verəcəyik, yerli futbolçularla oynamağa çalışacağıq. Bu olmadığı təqdirdə Azərbaycan əsilli, türk kökənli futbolçuları transfer edə bilərik. Bəzi mövqelər var ki, orada azərbaycanlılar azdır. Məsələn, hücumçu problemi var. Bununla belə, uzunmüddətli məqsədimiz sırf azərbaycanlılardan ibarət komanda qurmaqdır. Uzunmüddətli addımlar atmağı düşünürük.

 

- Belə anlamaq olar ki, ilk mövsümdə komandanın qarşısında çempionluq və avrokubok hədəfi qoyulmayacaq…

 - İlk növbədə belə hədəf olmayacaq. Məqsəd Premyer Liqada yerimizi qorumaq olacaq ki, yenidən Birinci Liqaya qayıtmayaq.

 

- Artıq danışıqlar apardığınız futbolçular var?

 - Hələ yoxdur. Çünki çempionluğun rəsmiləşməsini gözləyirdik. Artıq bu gün rəsmiləşdi. Bu gündən sonra danışıqlar olacaq.


- Baş məşqçi postuna bir neçə mütəxəssisin adı hallanırdı…

 - O informasiyaların heç biri reallığı əks etdirmirdi. Biz Elgiz Kərəmli ilə danışmışıq, bu oyundan sonra da müzakirələr olacaq. Növbəti addımlar haqqında da məlumat verəcəyik.