Rəşad Sadıqovun sərvəti
- 13:48
- 122
“Zirə”nin bu yay Azərbaycanı avrokuboklarda təmsil etməsi məsələsi Danimarkanın 1992-ci ildə Avropa çempionu olmasına bənzəyir. Həmin vaxt UEFA Yuqoslaviya yığmasını cəzalandırıb, qitə çempionatından kənarlaşdırdı. Əvəzində Danimarka final mərhələsinin startına sayılı günlər qalmış yarışa dəvət aldı və yığmanın məşqçiləri futbolçuların hərəsini bir çimərlikdən toplayıb, Avropa çempionatına yollandı. Nəticə isə hamını təəccübləndirdi. Düzdür, Danimarka həmin vaxt qrup mərhələsinə yaxşı start verə bilmədi. Görünür, bu da normal təlim-məşq toplanışının keçilməməsi, futbolçuların formada olmaması ilə bağlı imiş. Komanda sonradan elə sürət yığdı ki, yolun sonu çempionluq oldu.
Məsəli “Turan Tovuz”dan uzaq olsun. “Zirə” də mövsümü beşinci yerdə bitirdikdən sonra gözünü-könlünü Avropa yollarından yığışdırmışdı. Rəşad Sadıqov özü də bu yaxınlarda bildirdi ki, rəhbərliklə görüşüb, yeni mövsümün planlarını götür-qoy edibmişlər. Həmin planlar da Azərbaycan Premyer Liqasının yeni mövsümün startına uyğunlaşıb, həyata keçirilməyə daha gec tarixdə başlamalıymış. Şübhəsiz ki, heyətdə qalan futbolçular da öz istirahətlərini buna uyğunlaşdırıblar. Dünən Sumqayıtda meydana çıxanların böyük əksəriyyətinin bu günlərdə hansısa kurort bölgəsində yayın dadını çıxarıb, dünya çempionatının oyunlarını izləmək barədə plan qurduğuna şübhə etmirəm. Amma UEFA-nın məlum qərarı onların düşərgəyə daha tez qayıtmasına, “Torpedo”ya qarşı oynamasına səbəb oldu.
Bu mənada biz də “Zirə”nin sınaqdan necə çıxacağını düşünürdük. Avrokuboklarda ölkə klublarının daha çox reytinq xalı toplamağımızı arzulayanlar narahat idi. “Zirə”nin nəinki normal hazırlıq keçməyə, heç transfer bazarında fəallıq göstərib, heyəti komplektləşdirmək üçün də zamanı olmadı. Amma Rəşad Sadıqovun xarakteri, əlindəki futbolçulardan düzgün istifadə etmək bacarığı bütün bu problemləri aşmaq üçün yetərli oldu. Düzdür, Sadıqovun arxın o biri tərəfinə keçmədən “hop” deməyi xoşlamadığından xəbərdaram. Ona görə də cütün taleyinin həll olunduğu, “Zirə”nin səfərə rahat yollana biləcəyini yazmayacam. Amma ortada intizamlı oyun və böyükhesablı qələbə varsa, bunun da memarının məhz Rəşad Sadıqovun olduğunu vurğulamalıyıq.
“Zirə”nin bunu necə bacardığını dünən axşam hamımız gördük. 3:0 hesablı qələbənin “kilid adları” elə ötən mövsüm “Zirə”nin yükünü çiyinlərində daşıyanlardır. Birincisi Aydın Bayramov öz inamlı oyunu ilə “çərçivə”ni toxunulmaz saxladı. İkincisi Ruan Renato həm müdafiədə intizamlı oynayıb, lider keyfiyyətlərini göstərdi, həm də “dubl” müəllifi oldu. Xüsusiylə də ilk qol zamanı başından əla yararlanması, penalti zərbəsi zamanı soyuqqanlı davranışı alqışlanmalıdır. Eren Aydının gürcülərin başını gicəlləndirməsi, onları iki həlledici epizodda kobudluğa vadar etməsi “incə iş” idi. Birinci epizodda cərimə zərbəsi təyin olundu ki, “Zirə” məhz o cərimə zərbəsindən sonra fərqi artırdı. Penalti isə Erenin rəqib müdafiəçilərin buraxdığı boşluğu yaxşı dəyərləndirməsindən, qapıçı Oto Qoşadzenin onu yıxmaqdan başqa çıxış yolunun qalmamasından sonra təyin edildi.
Ayrı-ayrı epizodlar üzərində çox dayanmayacam. Dünənki oyun göstərdi ki, Rəşad Sadıqov minimum imkanlardan maksimum yararlanır, futbolçuların fərdi keyfiyyətlərini komandasının xeyrinə çevirməyi yaxşı bacarır. Onun əlinin altında bu futbolçular əməlli-başlı sərvətə, xəzinəyə çevrilir. Könül istər ki, bir neçə yaxşı transferlə heyət daha da güclənsin, “Zirə”nin avrokubok yolu qruplara qədər uzansın. Bunun üçün yaxşı potensial, ən əsası Rəşad Sadıqov var.