Ramil Şeydayevdən Pirallahıyadək
- 25 Fev 2020 10:25
- 3247
Tanınmış və ustad şairlərimizdən olan Rüstəm Behrudi rəhmətlik Əbülfəz Elçibəyə belə bir şeir həsr etmişdi: "Sənə bir daş atar yerindən duran, səni sevdiklərin daş-qalaq eylər..."
Deyəcəksiz ki, mən də hər yazımda ya bir lətifədən, ya da şeirdən sitat gətirirəm. Bunlar hamısı bir ibrətlik dərsdi, biz də dərs çıxara-çıxara yaşayırıq. Hə, Behrudinin şeiri də əbəs yerə yadıma düşməyib. İndi bizim futbol cameəmizdə Ramil Şeydayevi daşlamaq dəbdi.
Sanki futbolumuzun bütün problemlərinin başında AFFA-nın milyonçu rəhbərliyi yox, sıradan bir futbolçu olan Ramil dayanır. Guya Şeydayev "Sabah"a gəlməyib, Rusiyada qalsaydı, yaxud da Avropanın hansısa klubuna yollansaydı, futbolumuz ildırım sürətiylə inkişaf edəcəkdi. Millilərimizin qələbələri sıralanacaq, uşaq futbolumuz dirçələcək, açıq paytaxt çempionatına çevirdikləri Premyer-Liqamız Avropanın göz muncuğuna çevriləcəkdi. Yox, ay qardaş. Bunların heç biri olmayacaqdı. Bizi bataqlığın dibinə Ramil sürükləməyib axı. Adam adi futbolçudu, sıradan bir azərbaycanlı futbolçu.
Belə olmaya da bilərdi. Rusiya pasportundan imtina etməz, ən pis halda gününü orda keçirərdi. Bunun üçün ad-sanı da vardı, istedadı da, keçdiyi məktəb də. Olmadı. Ya vətənpərvərlik hissləri güc gəldi, ya da AFFA-nın gözqamaşdıran təklifi. Fakt odu ki, Azərbaycan pasportu ona xoşbəxtlik gətirmədi, bizdən birinə çevrildi. Hərdən düşünürəm, Ramilin halına ürəyim ağrıyır.
Şeydayevi "daşlayanların" bunu sevdiklərindən edib-etmədiyini dəqiq bilmirəm. Bildiyim bir şey var ki, adamın üstünə çox gedirik. Məntiqlə düşünən hər kəs anlayır ki, Ramilə başqa yerdən sərfəli təklif olmadı, məcbur oldu "Sabah"a gəldi. Bu gəliş də dünyanın sonu deyil. Ümid edək ki, yaya kimi "artıracaq" və yenidən legioner olacaq.
Mənim bir tanışım vardı, atası Rusiyada həkim işləyirmiş, böyük şəhərlərin birində dördotaqlı evləri də varmış. Vətənin dar günündə ata Bakıya qayıtmaq fikrinə düşüb, evini "Gənclik" metrostansiyasının yaxınlığında yaşayan bir rusla başabaş dəyişmişdi. İşləri qaydasında getməmiş, pulsuzluqdan o evi də satıb, "Əhmədli"yə köçməyə məcbur qalmışdılar. Bu minvalla ta Pirallahı adasına qədər gedib çıxmışdılar. İndi eşidirəm ki, Pirallahı turizm bölgəsinə çevrilir. Yəqin ki, orda evlər bahalaşacaq, dostumun atası evlərini yaxşı qiymətə satıb, Rusiyaya qayıda biləcək...
Allah onların da işini avand eləsin, Şeydayevin də. Elə bizim də!