Tokio-2020 Yay Olimpiya Oyunlarında karate yarışlarının püşkü atılıb.

Rekord.az xəbər verir ki, sabah start götürəcək turnirdə Azərbaycan karateçilərinin də rəqibləri bəlli olub.

Beşqat dünya və onqat Avropa çempionumuz Rafael Ağayev (75 kq) Luici Busa (İtaliya), Noa Biç (Almaniya), Çuneari Yahiro (Avstraliya) və Nurkanat Ajiqanovla (Qazaxıstan) birlikdə B qrupunda mübarizə aparacaq.

Ağayevin əsas rəqibi Luici Busa sayılır. O, ikiqat dünya, altıqat Avropa çempionudur. Ağayev 2015-ci ikdə Bakıdakı Avropa Oyunlarının finalında Busaya qalib gəlib. Digər rəqib Noa Biç Avropa çempionu, dünya çempionatının gümüş və bürünc mükafatçısıdır. Çuneari Yahiro isə Dünya Oyunlarının bürünc mükafatçısıdır. Nurkanat Ajiqanov isə yeniyetmələr arasında Asiya oyunlarının gümüş mükafatını qazanıb.

Rafael Ağayev avqustun 7-də mübarizə aparacaq.

Qeyd edək ki, iki qrupdan ibarət olan yarışların hər qrupunda 5 karateçi mübarizə aparacaq. Reqlamentə əsasən ilk iki yeri tutacaq idmançılar yarımfinala yüksələcək. Qrup birinciləri yarımfinalda ikincilərlə üz-üzə gələcək. Finala gedən yolda uduzan idmançılar isə bürünc medala sahib olacaq.