"Qarabağ"ın problemləri var. Bu haqda mütləq danışmaq, dilə gətirmək lazımdı. Bu problemlər onsuz da bilinirdi, dünənki matçda lap aşkara çıxdı. 


Final göstərdi ki...


- Bu heyətlə avrokuboklarda ən yaxşı halda 1 tur keçməyə ümid edək olar. İstənilən normal rəqib bu cür boşluqlar verən müdafiədən birbaşa ünvana gedəcək. Az qala 3 ildi "müdafiənin mərkəzinə oyunçu alın" deməkdən dilimiz çıxıb. Sağ cinah da boşdu. Zədədən sonra heç cür özünə gəlməyən Veşoviçin yerinə bir tədbir qılmağı bu qədər uzatmaq olmazdı. Yarımmüdafiənin ortası - "8 nömrə" nöqtəsi də boşdu hazırda. Romaonun yerini Benziya ilə doldurmaq böyük səhv idi (Yassinə hələ qayıdacağıq). Və hücum. Bir Nərimanın ümidinə qalmaqla nə Juninyonun yoxluğunu unutdurmaq olar, nə də uğura ümid etmək. Siyahını uzada bilərik. Qısa desək, "Qarabağ" yayda ciddi yenilənməyə getməli, azı 4-5 transfer edərək gələcəyə yatırım etməlidi. Yoxsa o gələcək ümumiyyətlə, olmayacaq. Bir neçə gün əvvəlki görüş zamanı Tahir Gözəlin verdiyi mesajlar komandanın ümidinin yalnız özünə qaldığı demək idi. Bunun üçün isə daha diqqətli olmaq, daha çox çalışmaq gərəkəcək. Keçmişdəki uğurlar, ad, təcrübəyə güvənib nəyisə qazanmaq dövrü bitdi. 


- Benziya. Bu ad-sanda futbolçunun adına-sanına yaraşmayacaq hərəkətlər edəcəyini gözləməzdim. Sadəcə hay-küy üçün hakimin üzərinə getmək, qırmızı vərəqə almaq, sonra da mükafatlandırma mərasiminə çıxaraq sayğısızlıq edib AFFA prezidentinə gümüş medalı boyundan asmağa imkan verməmək peşəkar futbolçu məhfumları ilə üst-üstə düşmür. Bu adam getməlidi. Gedir, elə getdiyi üçün belə edir. Ancaq nə olursa-olsun, heç nə bu cür davranışlara bəhanə ola bilməz. Futbolçu kimi də artıq o durumda deyil və komandaya xeyir vermir. İki ildi biz bu adamdan gözləniləni ala bilmirik. Getsə yaxşıdı. 


- Qurban Qurbanov... Hoca səhvlər eləməyə başlayıb. Məsələn, dünənki matçda Benziya niyə bu qədər müddət meydanda qaldı? Kadi gələndən daha arxadan, daha çox güc sərf etmək lazım olan mövqedə oynayandan Yassin konkret zərər mənbəyidi. Çatdırmır deyə daha çox qayda pozur, daha çox əsəbi olur, davalara səbəb verir, mənbə rolunda çıxış edir. Çoxdan ehtiyatda oturdulmalı, Patrikə şans verilməliydi. Ya da hansısa gənci orda oynatmaq olardı. Premyer Liqanı "Qarabağ" bütün oyunları 10 nəfərlə oynayaraq da uda bilər.


Cəfərquliyev niyə əvəzləndi? Veşoviçə vaxt vermək, son matçında kubokun qazanılmasında iştirakını təmin etmək üçün idisə, səhv idi. Toral Elnuru orda əvəzləyə bilmədi, 96-cı dəqiqə qolu da ordan buraxıldı.


Nəriman hansı bacarığına görə oyunda qaldı, hücumdan sonra cinahda Andradenin yerində oynadıldı? "Sabah"ın son saniyələrdə vurduğu qolun hücumu məhz Axundzadənin səhvi ilə başladı. Kaşuk olsaydı, bir yolunu tapıb topu itirməzdi. Çünki daha hiyləgər və bacarıqlı oyunçudu. 


Addaini oynatmaq məcburidi? İki dəfə topa toxundu və hər ikisində topu rəqibə hədiyyə etdi. Sonuncunu isə Tellur qolla tamamladı. Bu adam yaramır da komandaya, xeyir vermir, uğursuz transferdi. Alınmır. Mütləq deyil onu döyüşə atıb, həlledici məqamda riskə getmək. Mütləq deyil.


Cica hanı?


- Komandanın funksional hazırlığı da qaydasında deyildi. Mövsümboyu "Qarabağ" yaydakı yanlış fiziki yüklənmə, ardınca gələn ağır qrafikin təsir və təzyiqi altından çıxa bilmədi. Bəzi oyunlarda futbolçuların nə etmək istədiyi anlaşılmır, qərarları necə verdiyini bilmək olmur, yersiz qırmızı vərəqələr alınırdı. Ehtiyac varsa, daha bir fizioterapevt, ya əlavə məşqçi dəvət olunsun ki, balans yerinə qaytarılsın. Oyunçular fit olmayanda, məşqçinin verdiyi taktiki-texniki tapşırıqların lazımi qədər yerinə yetirilməsi də mümkün deyil. 


- Hakimlərlə mübahisələrin başını buraxmaq lazımdı. "Qarabağ"a qarşı bu mövsüm məhz bununla bağlı xüsusi addım sezmədik. Hakimliyimizin səviyyəsi aşağıdı, bunu hamımız görürük, bilirik. Ancaq hər fitdə, hər qayda pozuntusunda, hər qərarda qərəz axtarmaq, başqa yerlərə yozmaq da olmaz. Yaraşmır. Xüsusilə də məşqçilər heyətinə. Dünən də eyni şeylər yaşandı. Siz "Qarabağ"sız. Sizin titul sayınız rəqibin azarkeş sayından çoxdu. Bu qədər etiraz, bu qədər narahatlıq gərəksizdi. Vallah, kənardan yaxşı görünmür. Xoş deyil.


- "Qarabağ" Azərbaycan futbolunun mühərrikidi. Orda problem olanda bütün futbolumuzda problem yaranır. Dünən həm stadionda, həm də ekran qarşısında əksəriyyət məhz Ağdam təmsilçisinin qələbəsini istəyir, ona azarkeşlik edirdilər. Çünki "köhlən atlar" bu illər ərzində həm oyunu, həm də nəticələriylə özünü sevdirə, adını tarixə yazdıra bilib. Hamı bu uğurun davamını gözləyir, tələblər hər ötən gün yüksəlir. "Qarabağ" da özü çıxdığı zirvədən düşməmək üçün əvvəlkindən daha çox çalışmalıdı. Vaxt var. Yaxşı istirahət edib, daha güclü, daha enerjili qayıtmaq olar. Gözləyirik.