Xəbər verdiyimiz kimi, ölkə stadionlarının əksəriyyətində işıqlandırma ilə bağlı ciddi problemlər var. Hətta Premyer Liqada çıxış edən "Turan Tovuz", "Kəpəz" və "Şamaxı" kimi klubların stadionlarında bu sistem, ümumiyyətlə, yoxdur. Yayılan məlumata görə, Peşəkar Futbol Liqası (PFL) növbəti mövsümdən bu məsələnin üstünə ciddi düşəcək, hətta işıqlandırma sisemi olmayan stadionlarda çempionat oyunlarının keçirilməsinə icazə verməyəcək.

Rekord.az olaraq, məlumatın nə dərəcədə doğru olub-olmadığını dəqiqləşdirmək üçün sözügedən qurumla əlaqə saxlamağı lazım bildik.

Saytımıza açıqlama verən PFL-in vitse-prezidenti Aslan Şahgəldiyevin məsələyə münasibəti belə oldu: "İşıqlandırma sistemi ilə bağlı belə bir məsələ var. Amma hələ müzakirə mərhələsindədir və hansısa qərar verilməyib. Qərar necə olacaq, necə tətbiq olunacaq, müzakirələr bitib, konkret qərar qəbul olunandan sonra ictimaiyyətə bununla bağlı ətraflı məlumat veriləcək".