Sayca 29-cu “Tərəflərin Konfransı (COP)” noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək. “Rekord.az” xəbər verir ki, bu nəhəng beynəlxalq tədbir üçün paytaxtımıza 100 minə yaxın qonaq gələcək. 

 

Planetar səviyyəli Konfransın təşkili üçün böyük resursların səfərbərliyi gərəkəcək, eyni zamanda Bakıda digər hər hansı yarış və ya matçların təşkilini çətinləşdirəcək, hətta mümkünsüz edəcək. 

 

Millətlər Liqası çərçivəsində Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Estoniya qarşılaşması da COP 29 vaxtına, konkret desək, noyabrın 16-na düşür. Nəzərə alsaq ki, COP 29-un Bakı Olimpiya Stadionunda təşkili nəzərdə tutulub, matçın həmin ünvanda oynanılması mümkün olmayacaq. 

 

Bəs AFFA bu barədə nə düşünür? Matçın başqa məkana, xüsusilə də paytaxtdan kənarda oynanılması haqda düşüncə varmı? Yaxud oktyabrın 10-da keçiriləcək Estoniya-Azərbaycan qarşılaşmasının meydan sahibinin dəyişdirilməsi, millimizin Baltikyanı ölkə ilə ev oyunun məhz oktyabrda Bakıda, noyabrda isə səfərdə keçirilməsi üçün UEFA-ya müraciəti ediləcəkmi?

 

AFFA-dan “Rekord.az”-ın bu sorğusuna belə cavab verilib: “Bu məsələ bir müddətdir ki, diqqət mərkəzindədir. Həqiqətən də Bakıda noyabrın 11-22 aralığında COP-29 tədbiri keçiriləcək. Bildiyiniz kimi bu olduqca böyük, dövlət əhəmiyyətli tədbirdir. Estoniya Futbol Federasiyası ilə oyunların yerlərinin dəyişdirilməsi ilə bağlı danışıqlar oldu. Lakin onlar da noyabrda Tallində hava şəraitinin əlverişsiz olacağına görə bu məsələyə müsbət yanaşmadılar. Hazırda bu istiqamətdə digər variantlar nəzərdə keçirilir. Oyunun paytaxtdan kənarda keçirilməsinə gəlincə, təəssüf ki, Bakıdan başqa bu miqyasda görüşü qəbul etmək üçün 4-cü kateqoriya stadion yoxdur".

 

Gördüyünüz kimi, qarşılaşmanın ölkədən kənarda keçirilmə ehtimalı böyükdü. "Rekord.az"-ın əldə etdiyi məlumata görə, matç qardaş ölkə Türkiyədə baş tuta bilər. Stadion olaraq isə ilk variant bu mövsüm SOCAR-ın forma sponsoru olduğu "Qalatasaray"ın "Ali Sami Yen", hazırkı adı ilə Rams Parkdı.