Liverpuldan xal(lar)la qayıtmaq mümkündürmü? Analiz
- 10:47
- 36
Liverpuldan xalla dönmək mümkündürmü?
“Liverpul” nəhəngdir. Böyük klub, böyük komandadır. Onlarla səfərdə oynamaq dünyanın istənilən komandası üçün çətindir. “Qarabağ” üçün də belə olacaq. Ancaq meydana çıxmazdan əvvəl uduzmaq da olmaz. Hamı kimi ingilislərin də üstün və zəif tərəfləri var və onlarla oynamaq, mübarizə aparmaq olar. Mümkünsüz heç nə yoxdur.
"Qarabağ"la oxşar sistem
"Liverpul"un ənənəvi sxemi 4-5-1-dir. Düzülüş və prinsip etibarı ilə oyun planı baxımından da "Qarabağ"a yaxın bir sistemə şahidlik edirik. Arne Slotun ötən mövsüm ərzində və bu mövsümün əvvəlindəki oyunlarda uğurlu olmasının səbəbi topa sahibolmanı ön plana çıxarmasıdır. Kloppun şaquli futbolunun elementlərini qoruyub-saxlamaqla yanaşı, özünün "topa nəzarət etmək, bununla da oyuna nəzarət etmək" ideyasına da sabiq qalıb. Bunun üçün lazım gələndə düzülüş də dəyişdirilir, ifaçılar da, onların yerləri də. Adətən Slotu B planı olmamaqda günahlandırırlar. Həqiqətə yaxın fikirlərdir, çünki niderlandlı mütəxəssis həqiqətən də böhran vəziyyətlərində çeviklik nümayiş etdirə bilmir. Hələ ki, belədir. O, sınaqdan keçmiş sisteminə güvənir və məcbur olmasa - məsələn, indiki kimi çoxsaylı zədələr - dəyişikliyə getmir.
“Liverpul”un “Axilles dabanı”
Zədələr demişkən. "Liverpul"un müdafiəsində ciddi problemlər var, səbəb də məhz oyunçuların sıradan çıxmasıdır. Mərkəzdə sağlam bir dənə Van Dayk qalıb. Qomes son matçda zədələnib, Konatenin atası rəhmətə getdiyi üçün Vətəninə yollanıb hələ qayıtmayıb. Böyük ehtimalla, onun yerində yarımmüdafiəçi Endo oynayacaq. Qravenberqi də sınamaq olar, onun Van Daykla anlaşmasının yüksək olma ehtimalı çoxdur. Kerkez və Frimponqun cinahlardakı performansı hazırda pis olmasa da, əla da deyil. Oyun sayının çoxluğu, Premyer Liqadakı intensivliyin də gətirdiyi yorğunluq onlara bütün matçlarda tam güclə oynamağa mane olur.
Taktiki baxımdan yanaşsaq, əsas problem müdafiədə cinahlarla ortanın əlaqəsizliyidir. Oyun ərzində dəfələrlə bu iki mövqe arasında geniş məsafələr, boşluqlar yaranır, dayaqdakı Qravenberq və Makallister də lazımi dəstəyi vermədiyi üçün rəqiblər yetərincə şans əldə edirlər. Bu, bir dəfəlik yox, artıq sistematik hal alıb. Mütəxəssislər Slotun həll etməyə məcbur olduğu ilkin məsələ kimi bunu qeyd edirlər. Zədəli sayı və yorğunluğu nəzərə alsaq, baş məşqçi müdafiənin cinahlarında da dəyişikliyə gedə, Robertson və hətta Soboslaiyə də orada şans verə bilər.
"Qeyri-standart" "Liverpul"
Daha bir çətinlik standart vəziyyətlərdir. Mersisaydlılar bu komponentdə müdafiə baxımından Premyer Liqanın ən zəiflərindəndirlər. "Bornmut"la matça qədər standartlardan cəmi 3 qol vurmuş, əvəzində 13-nü buraxmışdılar. Bu səbəbdən qırmızılar komandanın standartlar üzrə məşqçisi Aaron Briqqsi qovub, yerinə köməkçisi Lyüis Mahouinini təyin ediblər. Maraqlıdır ki, "debütant"ın işi uğurlu alınıb və elə "Bornmut"la matçda "Liverpul" hər iki 2 qolu məhz standartdan vurub. Van Dayk başla, Soboslai isə cərimə zərbəsindən fərqlənib.
“Dişsiz” görünən hücum
"Liverpul"un hücum potensialı kağız üzərində ideala yaxın olsa da, yaşıl meydanda reallıqdan uzaqdır. Yayda transferlərə 500 milyon avro civarında pul xərcləyən komandanın ön xəttində Salah, Ekitike, İsak, Kyeza, Nqumoa, Qakpo, Virtz kimi ulduzlar yer alır. Ad olaraq hər bir rəqibin dəhşətli yuxularıdırlar. Ancaq məhsuldarlıqları çox aşağıdır. Xüsusilə Məhəmməd Salah ciddi tənqidlərə məruz qalır. Klubun əfsanəsi olan misirlidən sanki əsər-əlamət qalmayıb. Ancaq sürət və bir az da hərəkətlilik. Az qol vurur, driblinqlərinə şahidlik etmirik. Slot da ona çox güvənmir və bir müddət əvvəl ortaya çıxan qalmaqal da boş yerdən deyildi. Mütəmadi zədələr də hücumda komandanın davamlılıq nümayiş etdirməyə imkan vermir.
Orta xəttdə çox yaxşıdırlar
Komandanın orta xətti güvənli sayıla bilər. Sıx, bir-birilərinə yaxın oynayırlar. Tətbiq edildiyi zaman pressinqin ikinci dalğasında iştirak etmək, eyni zamanda mərkəzi sürətli paslaşmalarla keçərək topu hücumun cinahlarına çatdırmaqda mahirdirlər. Əksər hallarda, "Liverpul"a qarşı intensiv pressinq məhz bu səbəbdən işləmir. Topu arxası rəqib qapısına tərəf olanda belə rahat qəbul edib, yüksək anlaşma ilə önə aparan dayaq zona və ümumi orta xətt hazırda liverpulluların etibarlı nöqtələrindən biridir.
İngiltərə başqa, Avropa başqa
Yuxarıda “Liverpul”un çatışmazlıqları barədə danışdıq. Təbii ki, analiz etməli, bunları qeyd edib fərqləndirməliyik. Amma diqqət yetirməli olduğumuz bir məqam var. Premyer Liqada rastlaşdığımız bu epizodları Çempionlar Liqasında demək olar ki görmürük. Sanki Avropaya başqa, daha motivasiyalı və istəkli "Liverpul" çıxır. Fransada fırtına kimi əsən “Marsel”i səfərdə təkqapı keçən mersisaydlılar hər matça ayrı köklənmə ilə çıxdıqlarını göstərirlər. Bəlkə də bu ənənədəndir. Çünki yerli çempionatda qızıl medallara 30 il həsrət qalan komandanın ÇL-də dünyaya meydan oxuyub kubokları sıralamağına dəfələrlə şahidlik etmişik. Bizə qarşı da motivasiyalı olacaqlar. Həm qalib gəlib ilk 8-likdəki yerlərini möhkəmləndirmək istəyəcəklər. Həm də, bu "Liverpul"dur. Ulduzlarla dolu komandadır. O ulduzlar ki, bir oyunçusunu satıb "Qarabağ"ın bütün heyətini almaq olar. Elə oyunçuları var ki, onu satıb Qarabağda ayrıca şəhər də salmaq olar. Yəni nə qədər enişdə olsalar da, oyunları alınmasa da, böyük futbolçulardırlar. Avropa səhnəsində özlərini göstərmək üçün maksimum səy göstərə, hər an, hər kiçik imkanda fərqlənə, oyunun taleyini həll edə bilərlər. Çox təhlükəlidirlər. Hər biri.
Bəs nə edək?
Cavabı asan olmayan sualdır. Bir Azərbaycan təmsilçisi "Enfild"də "Liverpul"a qarşı necə oynaya bilər? Ağıla ilk gələn fikir müdafiəyə çəkilib xoşbəxtliyi uzun ötürmələrlə əks hücumlarda axtarmaqdır. Ancaq bu 90 dəqiqəlik bir taktika ola bilməz. Çünki daha atletik futbolçulara malik "Liverpul"un tempinə bu qədər müddət dözmək olmaz. Bizi asma və standart vəziyyətlərdə də yaxalaya bilərlər. Siyahınız uzatmaq olar. Digər bir məqam odur ki, bugünkü "Qarabağ" həmin müdafiə futbolunu oynaya bilmir, bunu istəmir. Daha çox hücumda olan, pressinqlə şans qazanmağa çalışan təmsilçimiz birdəfəlik geriyə çəkilə bilməz. Ona görə də biz qarşılıqlı hücumlar şəraitində keçən, müdafiədə səhvlərin çox olacağı, ancaq çox maraqlı bir qarşılaşma izləyəcəyik. Kim öz şanslarından daha yaxşı istifadə etsə, o da qalib gələcək. "Qarabağ" öz oyununu oynamalı, amma nə hücuma, nə də müdafiəyə aludə olmamalı, maksimum təmkin göstərməlidir. Düşünürəm ki, bu matçda Yankoviçin (həmçinin Bikalyo) performansı xüsusi əhəmiyyət daşıyacaq. O həm rəqib təzyiqinin qarşısını almalı, həm də sürətli hücum təşkilinin mənbəyində yerləşməlidir.
Ümumən qeyd etmək olar ki, "Liverpul"la başabaş olmasa da, buna yaxın oynamaq olar. Rəqibin oyunçu keyfiyyəti çox yüksəkdir. Ancaq diqqətli oyunla istəyimizə nail ola bilərik. Soyuq başla düşünsək, bu matçda xal(lar) götürmək real deyil. Məncə, götürməsək də, faciə olmamalıdır. 99 faiz ehtimalla pley-offu təmin etmişik. Qalır, yaxşı, baxımlı oyun nümayiş etdirmək, ölkəmizi layiqli təmsil etmək. "Qarabağ" bura təsadüfən gəlməyib. Bugünkü matçda biz buna bir daha əmin olacaq, bütün Avropaya da göstərmiş olacağıq.