Maliyyə fırıldağı və oyun alqı-satqısı kimi məsələlərdə adı hallanan "İrəvan" komandasının gələcək taleyi naməlumdu.

Rekord.az xəbər verir ki, klubda əsas idarəçi olan Zahid Niyazəliyevin saxlanılması və dindirilməsi də şübhələrin əsassız olmadığını göstərir.

Böyük ehtimalla bu komanda yeni mövsümdən çempionata buraxılmayacaq. Daha dəqiq desək, çempionatdan kənarlaşdırılacaq. Sonuncu pilləni tutan komandsanın da I Liqanı tərk edəcəyini nəzərə alsaq, II Liqadan yuxarı bir yox, iki komandanın gəlməsi şərt olacaq. Əldə etdiyimiz son məlumata görə, "İrəvan"la bağlı yayılan son xəbərlər II Liqada üst sıralarda olan komandalar arasında da ümid işığı yandırıb. Məhz bu xəbərlərdən sonra 2-ci pillə uğurunda mübarizə daha amansız xarakter alacaq. 

Qeyd edək ki, hazırda II Liqanın vahid lideri "Baku Sportinq"di. Onlar çempionluğa əsas namizəddir. Lakin "İrəvan"ın çempionatdan qovulmasından sonra II Liqada 2-ci pillənin də yuxarı vəsiqə qazanmasına şans yaranması "Füzuli", "Cəbrayıl" və "Qusar" arasında mübarizəni daha da kəskinləşdirəcək.