İgidlər, Tamaş düzmü söylədi?
- 2024-07-07 10:47
- 945
“Dədə Qorqud” filmində yaddaqalan epizodlardan birində Qazan Xan oğlu Turalı danlayır, onu ov ovlamamaqda, quş quşlamamaqda, baş kəsib, qan töküb, ad çıxarmamaqda ittiham edir. Atasının bu qınaqlarını Tural da cavabsız qoymur, ona belə bir şəraitin yaradılmamasından şikayətlənir. Oğlunun sözlərindən təsirlənən Qazan Xan üzünü ətrafdakılara tutur və soruşur: “İgidlər, Tural düzmü söylədi?” Ətrafdakılar da bir ağızdan Turalın həqiqəti dediyini təsdiqləyirlər, bundan sonra da Qazan Xanın oğluna münasibəti dəyişilir, qınaqlarını dayandırır.
Çox təəssüf edirəm ki, “Neftçi” rəhbərliyi Qazan Xan qədər müdrik və cəsarətli deyil. Onlar öz bildiklərini edirlər, ətrafa boylanmır, reallıq hissini itirməkdədirlər. Fərqi yoxdur ki, “ağ-qaralar”a kimlər rəhbərlik edir. Dəyişən təkcə adlar olur, yanlış siyasət isə davam etdirilir. Bir müddət əvvəl “Neftçi”nin böhrandan xilas edilməsi üçün nə gərək olduğunu elə “Rekord.az”da yazmışdım. Klubun başına Sadıq Sadıqov, Tahir Süleymanov kimi işini bilənlər gətirilməli, seleksiya işlərinə cavabdehlik, oyunçu seçimi Bəxtiyar Musayev kimi futbolçu sərrafına tapşırılmalı idi. Amma etmədilər. Rövşən Nəcəfin AFFA-ya rəhbər getməsindən, Fərrux Mahmudovun isə uğursuz kadr kimi Basketbol Federasiyasına qaytarılmasından sonra onların yerinə gətirilənlər “Neftçi”nin işıqlı gələcəyi üçün yaxşı heç nə vəd etmir. Bunu tam ciddiyyətim və qətiyyətimlə deyirəm. Diqqətli oxucularım da yaxşı bilir ki, mən bu cür məsələlərdə çox nadir hallarda yanılıram.
Elə ilk addımlarla yeni rəhbərlik bunu sübut etməkdədir. Roman Qriqorçukun baş məşqçi postuna gətirilməsi alqışlanası olsa da, ukraynalı mütəxəssisin bu sistemdən necə baş çıxaracağı, isveçliylə türkiyəlinin arasında özünü rahat hiss edib-etməyəcəyi sual doğurur. Lap məşhur təmsillərin birində deyildiyi kimi, hərə arabanı bir tərəfə çəkməsə yaxşıdır. Yeni rəhbərlik büdcəyə qənaətə başlayıb. Özü də hardan? İşçilərə verilən 3-5 manatlıq yeməkdən. Kəsilən yemək pulları ilə Anderssonun maaşını artıracaqlar, yoxsa Cenk Sümərə İstanbula gedib-gəlməyə bilet alacaqlar?
Qayıdaq Qazan Xan məsələsinə. Yatsaydıq, yuxumuza da girməzdi ki, ölkənin ən qocaman klubu macar futbolçu Mark Tamaş “Fehervar”ın rəsmi saytına verdiyi müsahibəyə görə bu qədər əl-ayağa düşəcək, yekə bir bəyanat yayımlayacaq. Nə olub, cənablar? Tamaş nə demişdi ki? Əslində, Tamaşa təşəkkür etmək lazım idi ki, həmyerlilərini aldatmışdı. “Neftçi” son mövsümdə təkcə “Qarabağ”dan yox, “Zirə”dən, “Sabah”dan və “Sumqayıt”dan geri qalmışdı və nəticələrinə görə Azərbaycanın beşincisi idi. Sevinmək lazımdır ki, Tamaş “Neftçi”ni ikinci adlandırıb, mübaliğəyə yol vermişdi. Bir anlığa Qazan Xan kimi davranın, özünüz-özünüzə sual verin. Həqiqəti özünüz yaxşı bilirsiz...