Həlledici gün - komandalarımız avrokubok matçlarına çıxacaq
- 10:09
- 32
Bu axşam cəmi 4 saat ərzində 3 komandamızın avrokubok taleyinə aydınlıq gələcək. "Neftçi" və "Qarabağ" səfərdə, "Zirə" evdə oynayacaq. Hər 3 təmsilçimiz turu keçə də bilər, keçməyə də.
"Zirə"dən başlayaq. Deyilənlərin əksinə, mən ilk matçda Rəşad Sadıqovun yetirmələrinin ifasında üstün futbol görmədim. Bəli, epizodlar vardı, bəli, topa nisbətən çox sahib olan tərəf biz idik, amma bu, sadəcə statistikadır. "Qartallar" lazımi təzyiqi göstərə bilmədilər, bəlkə də rahat qələbə qazanacaqlarını düşünərək məsuliyyətsiz davrandılar. Əvəzində meydan sahibləri şans əldə edən kimi maksimum yararlandılar. Biz də bu gün eynisini etməliyik. Daha doğrusu, 90, bəlkə də 120 dəqiqə ərzində oyundan qopmamalı, rəqibi ciddiyə almalı, onu təzyiq altında saxlamalıyıq. Estonlar onsuz da Avropanın autsayderləridirlər, itirəcəkləri heç nə yoxdur, ilk matçda da hesabda üstünlük əldə ediblər. Hər şey onların xeyrinədir start fitinə qədər. Final fitində isə vəziyyət başqa olmalıdır.
"Neftçi" də məğlub olmuşdu. Ancaq çox acınacaqlı, üzücü məğlubiyyət idi. Aşkar görünürdü ki, Minsk təmsilçisi qalib gəlsə də, səviyyəcə çox aşağıdırlar. Amma kimə bu qədər qol şansı yaratsan, onlardan yararlanıb istəyinə nail olar. Bir sözlə, ilk matçı "Dinamo" udmamışdı, biz uduzmuşduq. İndi biz udmalıyıq. Mümkünsüz bir iş də deyil. Bakıdakı matçın ilk 15 dəqiqəsindəki futbolu əlavə 10-15 dəqiqə də artırıb rəqibi təzyiq altında saxlaya bilsək, hər şey yaxşı bitə bilər. "Neftçi"nin heyəti daha yaxşıdır, komandamız daha böyük hücum potensialına malikdir, pressinqə əsaslanan oyun oynayır. Çatışmayan yeganə şey gücdür. Fiziki cəhətdən çatdırmaq, sona qədər mübarizə aparmaq, döyüşmək lazımdır. Məhz bu məqam bu gün həlledici olacaq. Minsklilərə çox riskə getmək gərəkli deyil. Müdafiədən oynayacaq, əsk-hücumlara belə bağlayacaqlar. Yuri Vernidubun yetirmələrinin isə başqa şansı yoxdur. Ancaq irəli!
"Qarabağ"ın da işi asan deyil. Bolqarlar ilk matçdakı nəticədən yaman həvəsləniblər. Tribunaları doldurmaqla təmsilçimizi qorxutmaq, təzyiq edib nəyəsə nail olacaqlarını düşünürlər. Yanlış fikirdədirlər, çünki "köhlən atlar" bundan da ağır stadionlardakı matçlardan üzüağ çıxa biliblər. Bu dəfə də belə olacaq. ÇSKA istəklidir, hücumda oynayacaq, doğma divarlar amilindən maksimum yararlanmağa çalışacaq. Belədə onsuz da etibarlı olmayan müdafiə xətlərində çoxsaylı boşluqlar yaranacaq ki, bundan istifadə etmək çətin olmayacaq. "Qarabağ" açıq futbol oynayan rəqibləri sevir. Bir məqam da var. Start heyətimiz düzgün seçilməlidir. Bakıdakı matçın sonları göstərdi ki, Sefas, Cəfərquliyev və Montiel fərq yarada, komandanın gücünü xeyli artıra bilirlər. Onları ilk dəqiqələrdən meydana buraxıb nəticəni elə fasiləyə qədər təmin etmək variantı pis variant kimi görünmür. Hər halda, təcrübəli Qurban Qurbanov öz heyətinin potensialına bələddir və ən doğru qərarı verəcək.
Hər 3 təmsilçimizə uğurlar!