
Hansı gününə, ay "İmişli"?
- 05 İyn 2025 13:00
- 248
"İmişli" belə getsə, axırda özü haqda "Bundansa "Səbail" qalardı" dedirdəcək. Rəsmi açıqlama olmadığı üçün hələ də adam ciddi qəbul etmək istəmir ki, bəlkə sonluq fərqli olacaq. Amma gələn xəbərlər reallığın fərqli olduğunu göstərir. Əcnəbi məşqçi ölkəyə gəlir, komandanın oyununu izləyir, media bunu çəkib paylaşır. Bu qədər yalan ola bilməz. Maraqlıdır ki, klub prezidenti bunu təkzib edir, hətta mətbuata açıqlamasında "o adam kimin xətti ilə bura gəlib, xəbərim yoxdur" tipində açıqlama verir. Adam sizin oyununuzu izləməyə gəlib, klub prezidenti bundan necə xəbərsiz ola bilər? O zaman belə çıxır ki, daha yüksək səviyyədə bu məsələ həll olunur.
İşin ən gülməli tərəfi də budur ki, gələn məşqçinin Pro bir yana, heç A kateqoriyası da yoxdur. Özü də Çexiyada 3-cü liqada işləyib, komandası da mövsümün sonunda 4-cü liqaya yuvarlanıb. Belə bir "məşqçi"ni klubun başına hansı zehniyyat gətirir? Klub bu təfəkkürlə idarə olunacaqsa, gələn il bu vaxtı yeri yenidən I Diviziondu. Sistem yox, strategiya yox, plan yox, gəliblər ki, Premyer Liqada oynayacayıq. Biz bölgə klubları elitada təmsil olunsun, futbolun coğrafiyası genişlənsin deyirik, bu yöndə dəstəyimizi əsirgəmirik, amma bu formada yox. Əgər hansısa bölgə təmsilçisi bu formada Premyer Liqada oynayacaqsa, heç oynamasın. Biz media olaraq zaman-zaman AFFA ilə üz-üzə qalırıq, bölgə klublarının elitaya gəlməsi, onlara daha çox diqqət ayırılması üçün tənqidi mövqeyimizi ortataya qoyuruq, yeri gələndə özümüzə düşmən qazanırıq. Kİ, kimlərsə bu dəstəkdən sui-istifadə edib cibini doldursun? Sənin axı hədəfin nədir, ay "İmişli", avrokuboklara oynamaq istəyirsən? Hansı büdcə ilə? Əgər bizim bilmədiyimiz nələrsə varsa, böyük büdcə ilə gəlirsinizsə, o zaman normal məşqçi gətirin, hamı da desin ki, iddiasına görə məşqçi gətirir. Güclü maliyyə dayağın yox, gözünü də dikmisən dövlətdən gələcək pula, harana yaraşır, gedib əcnəbi gətirirsən? Əcnəbi də bir əcnəbi ola, Çexiyanın 3-cü liqasından B kateqoriyalı biri. O da yəqin ki, özü səviyyəsində tanıdığı "futbolçular"ı yığacaq bura. Bu ölkənin pulunu dədə malı kimi dağıtmağa, yararsız əcnəbilərə xərcləməyə kim ixtiyar verib sizə?
Premyer Liqaya yeni gəlmiş komandasan, aşağı-yuxarı büdcən də məlum, düzgün strategiya qur, bacarıqlı yerli məşqçilərdən birini də qoy baş məşqçi, normal iş ortaya qoyun, biz də dəstəkləyək. Sənin Pro kateqoriyalı Tərıan Əhmədovun var. Arif Əsədovun var, Nazim Süleymanovun var, Samir Əliyevin var, nə bilim Mahmud Qurbanovun var, Mirbağır İsayevin var, bunlardan hansı birini qoysan, çox yaxşı komanda formalaşdıra bilər. Çexiya 3-cü liqasından B kateqoriyalı məşqçi gətirmək bilirsiniz nə deməkdi? Bu ölkənin futbol adamlarını, futbol mütəxəssislərini, futbol ictimaiyyətini təhqir etmək. Sənin Premyer Liqada oyamağa hazır stadionun yoxdursa, həmin əcnəbi sənin harana yaraşır? Ona verdiyin pulu ver meydançanı normal vəziyyətə gətir də. Nə bilim, illərdi deyirsən, yazırsan, amma baxırsan ki, düzələn deyilik, düzəlmək istəmirik...
Anar XANLAROV