Halva-halva deməklə... Şəkidə futbol olmayacaq!
- 15:05
- 129
Şəkini məşhur edən xeyli şey saymaq olar. Başlasaq, birinci gərək baməzə kişilərin, gülməli lətifələrin adını çəkək. Hacı dayının adıyla bağlı lətifələri saymaqla bitməz. Lətifəyə gülmək üçün adamın qarnı gərək tox olsun. Bunun üçün Şəkinin əla pitisi var. Yəqin, siz də eşitmiş olarsız. Şəkidəki kafelərin birində hər gün məhdud sayda piti bişirilir, ondan dadmaq kimə qismət olursa, dünyanın xoşbəxti sayılır.
Yaxşı piti yeyəndən sonra pürrəngi çay necədir? Bu çayı də Şəkinin məşhurluqda pitidən geri qalmayan halvası ilə içəsən. Bəh-bəh. Bundan sonra ağzından dada gələr, başlayarsan digər şeylər barədə düşünməyə. O cümlədən də futbol haqqında. Könül istərdi ki, pitisi, halvası ilə məşhur olan Şəkinin futbolu da inkişaf eləsin, ordan yaxşı futbolçular çıxsın. Necə ki, gənc hakim Rəvan Həmzəzadə Şəkidə böyüyüb, canıyla-qanıyla bu bölgəyə bağlıdır. Heç şübhə etmirəm ki, diqqət artırılsa, yerli gənclərə şərait yaradılsa, ordan neçə-neçə o cür hakimlər, həm də yaxşı futbolçular çıxar. Amma yaradılsa, diqqət yetirilsə...
Atalarımız həm də “halva-halva deməklə ağız şirin olmaz” deyiblər. Yəni ki, halvanı da, pitini də yemək üçün onu hazırlamaq, zəhmət çəkmək lazımdır. Zəhmətsiz bu həyatda heç nə olmur. O cümlədən də futbol. Futbolu inkişaf etdirmək üçün əsas şərtlərdən biri zəhmətlə yanaşı puldur. Azərbaycan futbolunda yetərincə böyük məbləğdə pullar var. Təəssüflər olsun ki, həmin pullar bölgə futboluna heç gedib çatmır. Futbolun inkişafı adıyla ayrılan milyonlar bir qrup işbazın və onların Azərbaycana doldurduğu əcnəbilərin ciblərinə axıdılır.
Bu gedişlə pitisini, halvasını sevdiyimiz, təbiətinə vurğun olduğumuz Şəkinin futbolu yerli-dibli yox olacaq. II Liqada mübarizə aparan "Şəki" çempionatın XIII turunda qarşılaşmalı olduğu "Qaradağ Lökbatan"la oyuna çıxmayıb. Bölgə təmsilçisi 3 aydır futbolçuların maaşlarını ödəmir. Bu səbəbdən də oyunçular "Qaradağ Lökbatan"la matça çıxmamağa qərar veriblər. Klubun sponsoru ödəniş etməkdən imtina edir. Pul gözləyənlər təkcə futbolçular deyil. Klubun stadiona, klinikaya və komandanın formasını hazırlayan şirkətə belə borcu var. Bu gedişlə komanda növbəti turda da meydana çıxmaya bilər. Bu da bölgə təmsilçisinin II Liqada iştirakını dayandırması deməkdir.
Fevralda Futbolun İnkişaf Fondu (FİF) belə bir açıqlama yaymışdı: “Sheki City” futbol klubunun inkişafı üçün başladılan “Biznes Klub” layihəsinə ilk olaraq “United Payment” şirkəti qoşuldu! Bu əməkdaşlıq çərçivəsində “United Payment” bölgədə futbolun inkişafına töhfə verəcək. Hazırda “Biznes Klub” layihəsinə qoşulmaq üçün bir neçə şirkətlə danışıqlar aparılır və artıq razılığa gəldiyimiz tərəfdaşlar var. Yaxın zamanda yeni əməkdaşlıqları da elan edəcəyik!” Avqustda Şəki klubu ilə “Flyblast” arasında 2025/2029-cu illəri əhatə edən sponsorluq müqaviləsi. Müddətə diqqət edin, düz 4 illik! Amma heç dörd ay keçməmiş klub maddi problem içində boğulur, futbolçuların maaşları ödənmir. Deməli, FİF-in həm özünün sevinməsi, həm də bizi sevindirməsi tez imiş.
Ümid edək ki, tezliklə problem həll olunacaq. Şəkidə klubun qələbələri münasibətiylə ağızları şirin etmək üçün halva yeyəcəklər, daha bölgə futbolunu dəfn etmək üçün halva çalmayacaqlar.