Gerye şəhərin ağasına nə vaxt çevriləcək?
- 26 Noy 2019 10:29
- 2472
Bir alov düşünün. Yandırar da, isidər də.
Bir şəhər düşünün. Onun cəmi bir ağası var.
Bir arzu düşünün. Bu şəhərin rənglərinə bağlanmaq...
... İki rəng düşünün: Ağ və qara!
Bu sözlər sizə tanış gəldimi? Bəli, düz tapdınız, haitili futbolçu Donald Gerye “Neftçi”nin futbolçusu kimi belə təqdim edilmişdi. Təqdimata söz yox. Əla düşünülmüş ssenari, musiqi seçimi ahəngdar. Ümumiyyətlə, “Neftçi” son vaxtlar bu sahədə müsbət mənada xeyli fərqlənir. Sirli ismarıclar, özünəməxsus ideyalar az qala bütün təqdimatlarda diqqət çəkir.
Biz onu “Qarabağ”dakı çıxışından tanımışıq. Son illər səviyyəsi xeyli düşən Premyer Liqanın fərqlənənlərindən idi. “Köhlən atlar”a yetərincə fayda verir, səviyyəsini ortaya qoymağı bacarırdı. Təsadüfi deyil ki, “Qarabağ”dan ayrılmaq söhbəti ortaya çıxanda azarkeşlər xeyli narahat olmuşdular. Onun “Qarabağ”la yeni anlaşmaya imza atıb-atmayacağıyla bağlı müzakirələr əməlli-başlı acı bağırsağa döndü. Bir gün dedilər Gerye gəlir, o biri gün gördük ki, futbolçu vətəni Haitidə gecə klubu açır. Ayrılıq mesajını da “İnstaqram”da paylaşmışdı. Bütün yayı necə əyləndiyi, vətənində nə işlə məşğul olduğunu elə sosial şəbəkə vasitəsiylə izləyirdik. İnsafən, vaxtını boşa keçirmirdi. Deyib-gülür, rəqs edir, gecələri dostlarıyla səmərəli vaxt keçirirdi. Təkcə futbol oynamırdı. Heç məşq etdiyini də görmürdük.
Nəhayət ki, “Qarabağ”la ayrılığı rəsmiləşdi. Məlum məsələydi ki, “Qarabağ” rəhbərliyi bütün yayı onlarla gizlənpaç oynayan haitilinin nazını çəkməkdən bezdi. Qurban Qurbanov arif adamdı. Bildi ki, lap elə ortaq məxrəcə gəlsələr belə, Geryenin əvvəlki formasını bərpa etməsi xeyli zaman alacaq. Başqaları Alp dağlarının ətəyində tər töküb, ağır mövsümə hazırlaşanda Gerye vətənində işindəydi. Kefi istəyəndə yatır, kefi istəyəndə qalxırdı. Beləsini gətirib əsas heyətdə meydana buraxmaq mümkünsüzdü. Onun formaya düşməsini gözləmək isə əlavə məşğuliyyət.
Elə bu məqamda Gerye üçün “Neftçi”nin dövriyyəyə girdiyini eşitdik. Deyilənə görə, Donald “Qarabağ”a etmədiyi endirimi “Neftçi”yə edib, “ağ-qaralar” da dərhal onu heyətə qatmaq üçün qollarını çirmələyib. Belə yerdə Ceyhun Sultanovun məşhur “yaxşı futbolçu öz çempionatımızda oynayırsa, başqa yerdə niyə axtaraq” sözləri yada düşür. Kamran Quliyevlə Ceyhun bəy Geryenin “Qarabağ”dakı görüntüsünə aldanmışdılar. Unudurdular ki, bütün yayı cırcırama kimi kef çəkən futbolçu qışa qədər meydanda gəzişməklə məşğul olacaq. Gerye özü də yetərincə ağıllı tərpənmişdi. Bakını bəyənib, Azərbaycan çempionatında bir ayaqla gününü keçirəcəyindən əmindi. Üstəlik, qarşında “Neftçi” kimi pulu çox, futbolu biləni az komandanın sərfəli təklifi var. Onsuz da bundan sərfəli variantı Avropanın heç bir klubu ona etməzdi. Kimə lazımdı bütün yayı yeyib-yatan futbolçu?!
Acı mənzərə ortadadı. Sentyabrın 5-də, çempionatın üç turu arxada qalandan sonra “Neftçi”yə qoşulan Gerye ötən mövsümü çıraqla axtarır. Bir dəfə qırmızı vərəqə almağa macal tapıb. Cəmi bir qol vurmağı bacarıb. “Qəbələ” ilə oyunda isə qapıların yerini dəyişik saldı, rəqibin təsəlli qolunu müəllifi oldu. Bordin də oyundan sonra etiraf etdi ki, Gerye onlarla hazırlıq keçməyib, hazırlığı qaydasında deyil. Oturaq, gözləyək. Görək, Gerye bu şəhərin ağasına nə vaxt çevriləcək. Bəlkə də ağadı, biz bilmirik...