Portuqaliyalı hücumçu Kristiano Ronaldo bu gün başlayacaq Dünya Kubokunda iştirak edən ən çox qazanan futbolçuların siyahısına başçılıq edib.


Rekord.az xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.


Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu son 12 ayda 300 milyon dollar qazanıb ki, bunun 235 milyon dolları futboldan, 65 milyon dolları isə reklamlardan əldə edilib. Ronaldu əvvəllər reytinq tarixində rekord maaşla ən çox qazanan idmançıların siyahısına başçılıq edirdi.


"Forbes"in siyahısında cəmi 11 futbolçu yer alıb. Argentinalı Lionel Messi 140 milyon dollarla ikinci, fransalı Kilian Mbappe isə 95 milyon dollarla üçüncü yerdədir.


Növbəti sırada norveçli Erlinq Halann (80 milyon dollar), braziliyalı Vinisius (60 milyon dollar), misirli Məhəmməd Salah (55 milyon dollar), seneqallı Sadio Mane (54 milyon dollar), ingiltərəli Cud Bellinqem (44 milyon dollar), ispaniyalı Lamin Yamal (43 milyon dollar), ingiltərəli Harri Keyn (41 milyon dollar) və braziliyalı Neymar (38 milyon dollar) qərarlaşıb.