Uzunoba gölünün ətrafındakı çimərlik futbolu meydançasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Çimərlik Futbolu Federasiyası, Naxçıvan MR Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının təşkilatçılığı, “Arazbet”in baş sponsorluğu ilə keçirilən çempionatda birinci turun oyunları reallaşıb. Açılış matçında “Prestij” və “Badamlı” komandları üz-üzə gəlib. Maraqlı mübarizəyə səhnə olan oyunun əsas vaxtı 2:2 hesablı bərabərliklə yekunlaşıb. Əlavə vaxtda da hesabdakı tarazlıq pozulmayıb. Penaltilər seriyasında isə Badamlı 3:2-lik nəticə ilə qalib gəlib. Günün növbəti oyununda isə bol qollu nəticə qeydə alınınb. “Batabat”-“Aralıq” matçında Şərur təmsilçiləri 3:9 hesabı ilə üstün olublar.
 İlk tur çərçivəsində sabah “Panter”-“Hava Limanı” və “Antiinhisar” – “Yaycı” qarşılaşmaları baş tutacaq.
 Qeyd edək ki, 4 qrupda ümumilikdə 12 komanda  mübarizə aparır. Dairəvi sistemlə oynanılacaq oyunlardan sonra hər qrupun ən yaxşı göstəriciyə malik 2 komandası pley-offa vəsiqə qazanacaq. Bu mərhələdə 1 oyunun nəticəsinə uyğun olaraq qaliblər əsas mükafata doğru irəliləyəcəklər. Çempionat final və üçüncülük matçları ilə tamamlanacaq. İlk üçlükdə yer alan kollektivlər və fərqlənən oyunçular təşkilatçılar tərəfindən mükafatlandırılacaqlar. 

NFF-nin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamenti