"Sumqayıt"ın yarımmüdafiəçisi Cavid İmamverdiyev "Sabah" üzərindəki 2:1-lik qələbədən sonra Rekord.az-a müsahibə verib:

 

- Cavid, oyundan sonra Səbuhiyə təşəkkür etdin?

- Əlbəttə, ilk növbədə Səbuhiyə "sağ ol" dedim. Düzdür, komandada hər kəs mənə dəstək oldu. Komanda yoldaşlarım, baş məşqçimiz Ayxan Abbasov, hətta klub prezidenti Riad Rəfiyev də futbolda belə şeylərin olduğunu və buna görə üzülməyə ehtiyac olmadığını bildirdi. Bildirdi ki, mənə çox inanır.

- Epizod necə baş verdi, niyə hər şey elə alındı?

- Düzü, özüm üçün də gözlənilməz oldu. Çünki karyeramda belə şey olmamışdı ki, avtoqol vurum. Komandama kömək etmək istəyirdim, amma elə alındı. Çox pis olmuşdum. O qoldan sonra oyunum da pozuldu. Təkbətək epizodu da ona görə qaçırdım. Halbuki tanıyanlar bilir ki, mən o cür təkbətək epizodları heç vaxt qaçırmıram. Amma avtoqol psixiloji cəhətdən beynimi o qədər pozmuşdu ki, toparlana bilmirdim.

- Belə başa düşdüm ki, komanda məğlub olsaydı, özünü günahlandıracaqdın?

- Əlbəttə. Gecəni yata bilməyəcəkdim. Ümumiyyətlə, özümə gəlmək üçün gərək 2-3 gün vaxt keçəydi.

- Komandanız hazırda vahid liderdi. "Sumqayıt" bu tempi saxlaya bilsə, mövsümün sonunda hansı yerdə qərarlaşa bilər?

- Düşünürəm ki, ilk "üçlük"də olacğıq.

- Çempionluq real görünür?

- Bilirsiniz ki, çempionluq üçün daha böyük imkanlar lazımdır. Həm maddi, həm də heyət baxımından. Bizdə əksəriyyəti cavan futbolçulardı. Belə deyim də gücümüz hara kimi çatır, ora kimi mübarizə aparacağıq.

 

- Etiraf edək ki, əvvəlki Cavid deyilsən. Qəbul edirsən ki, karyeranın əla vaxtında "Sumqayıt"ı tərk edib pula görə "Sabah"a keçməklə səhvə yol verdin?

- Futbol prinsipləri baxımından bəlkə də səhv etdim. Amma siz də razılaşın ki, futbolda pul da çox önəmlidir ki, harada daha yüksək maaş olur, istər-istəməz ora gedirsən. Bu keçidi tam pula da bağlamazdım. Ola bilərdi ki, "Sabah"da karyeram uğurlu alınardı, heç bu söhbətlər də olmazdı.

- Əvvəlki Cavidi görmək üçün nə qədər vaxt lazımdır?

- Yəqin ki, 1-2 aya hər kəsin görmək istədiyi Cavid ola biləcəm. Başa düşürəm ki, bunun üçün üzərimdə daha çox çalışmalıyıq və çalışacam da. Baş məşqçimizdən və rəhbərliyimizdən gördüyüm dəstək də məni çox ruhlandırır.

 

Anar XANLAROV