4-cü tura baxış
- 12:39
- 31
Premyer Liqada 4-cü tur geridə qaldı. Öyrəndik ki...
- çempionat "yuxudan ayıldı". Ötən tur 6 oyuna cəmi 5 qol vurulmuşdusa, bu həftəsonu 6 matçda 26 top izlədik (bu, son 21 ilin rekordudur). Maraqlı, bol hücumlu, hər kəsin qələbə üçün irəli getdiyi oyunlara şahidlik etdik. Belə də davam. Azarkeş tribunaya, ekran qarşısına futbol izləməyə gəlir, yatmağa yox.
- Mərkəzi qarşılaşma Gəncədə oynandı. Autsayderlərin bu qarşılaşmasını mərkəzi edən də 15 min azarkeş (bu da mövsümün rekordudur) oldu. Arenanın özü, izləməyə gələnlərin dəstəyi, yaratdığı ab-hava o qədər gözəldir ki, burada 8 yaşlı uşaqlar da oynasalar, maraq doğurar. "Kəpəz" isə ötən həftə yaratdığı ajiotajın davamını gətirə bilmədi. Sabiq məşqçisi Azər Bağırov onları yaxşı analiz etmişdi, haqq etdiyi qələbəni qazandı.
- Status olaraq isə mərkəzi oyun Masazırda oynanılmalı idi, amma orda mərkəzilik heç nə olmadı. Son çempion "Sabah", 3 turdan sonra yarışa liderlik edən komandanı elə məğlub etdi ki... Valdas Dambrauskas Mançester səfəri öncəsində əsas heyəti sınaqdan keçirmək, tonusa salmaq qərarına gəlmişdi. Bu, matçın taleyini 1 saat ərzində həll etməyə, total üstünlüyü darmadağına çevirməyə yetərli oldu. "Sabah" fırtına kimidir, tam gücünü ortaya qoyanda qarşısıalınmazdır.
- "Qarabağ" da növbəti 3 xalını qazandı. Qurban Qurbanov "Araz"la matçın start heyətində kluba bu yay qoşulan 7 oyunçuya şans vermişdi. Komandada yenilənmə prosesi gedir, birdən-birə bu qədər dəyişikliyin gətirəcəyi çətinliklərin aradan qaldırmaq mümkün deyil. Vaxt lazımdır.
- Amma "Qarabağ"ın bir problemi var ki, onu Mars planetində də bilirlər, Aşağı Quşçu kəndində də. Bu, standart vəziyyətlərdir. Yazmaqdan, deməkdən, soruşmaqdan yorulmuşuq. Ancaq Hoca bu məsələyə həll tapa bilmir, ya da tapmaq istəmir. Avropada olsa, yenə bunu səviyyə məsələsiylə əlaqələndirmək olar. Ancaq məsələ artıq "Araz" səviyyəsinə enib və bu komandadan buraxdığın topunu ikisi də standartdandırsa, bu iş yeriməyəcək. Bura yazıram: bu problem həll olunmasa, "Qarabağ" bundan sonrakı 50 ildə də çempion ola bilməyəcək.
- "Neftçi" turnir cədvəlinin lideridir. Bir həftə əvvəlki məğlubiyyət "ağ-qaralar"ı toparlanmağa məcbur etdi və 4 qol, 5 dirək, əlavə 7-8 təhlükəli epizodla "Şəfa" üzərində gözəl qələbə qazanıldı. Yuri Vernidubun konsentrasiya problemi var. Ukraynalı mütəxəssis işi ciddiyə alıb, el diliylə desək, başını aşağı salıb işini görəndə hər şey yaxşı gedir. Azacıq fikri yayınan kimi isə komandanın durumu dəyişir. Ötən tur günahı yersiz şəkildə hakimlərin üzərinə yıxmağa çalışması da buna misal idi. Vernidub bilməlidir ki, bura nə "Krivbas"dır, nə "Şerif", nə də bir başqa yer. Bura "Neftçi"dir. Buranın daşı ağırdır. Burda bir səhv, bir məğlubiyyət belə səni istefanın astanasına gətirib-çıxara bilər. Diqqətli olaq.
- "Sumqayıt"ın bəhanə limiti bitdi. "Heyət yenidir", "rəqiblər güclüdür" və s. bu kimi söhbətlər daha keçməyəcək. Bu məşqçini də, bu oyunçuları gətirən də bu rəhbərlikdir. Bundan sonrakı nəticələrə də onlar cavabdeh olacaqlar.
- Yeni dərs ili başlayır. Çempionlar Liqasında oynamaq bu yükün altından çıxmaqdan çətindir. Yollarda tıxaclarda qalmaqlar, uşaqları evdən dərsə, dərsdən evə, sonra evdən hansısa əlavə kursa və ya repetitor yanına aparıb-gətirməklər, yorğunluq, stress, hövsələdən çıxmaqlar, yerli-yersiz xərclərin artımı, məktəblərdən, təhsil sistemimizdən haqlı narazılıqlar... Başlayır, hazırlaşın.