Almaniyanın “Borussiya” (Mönhenqladbax) komandasının baş məşqçisi Daniel Farke istefaya göndərilib.

Rekord.az xəbər verir ki, tərəflər qarşılıqlı razılıqla müqaviləyə xitam veriblər.

O, mövsümün əvvəlindən “Borussiya”ya rəhbərlik edirdi. 46 yaşlı alman bu komandanı 36 matça çıxarıb - 12 qələbə, 10 heç-heçə, 14 məğlubiyyət. Komanda mövsümü 43 xalla 10-cu pillədə başa vurub.

“Borussiya” üç futbolçusu ilə də yollarını ayırıb. Bundesliqa təmsilçisi müdafiəçi Rami Bensebaini, yarımmüdafiəçi Lars Ştindl və hücumçu Markus Turamla vidalaşdığını açıqlayıb. Müqavilələrinin müddəti bu ayın sonunda bitəcək futbolçularla yeni sözləşmə imzalanmayıb. Bensebaini ilə Turam azad agentə çevriliblər. Ştindl isə yetirməsi olduğu “Karlsrue” ilə anlaşıb və tezliklə keçmiş klubu ilə rəsmi müqaviləyə imza atacaq.

“Borussiya” ilk transferini də həyata keçirib. Mönhenqladbaxlılar “Bayern”dən ayrılan Qrant-Leon Ranosla müqavilə bağlayıblar. 19 yaşlı futbolçu azad agent kimi keçdiyi yeni klubu ilə 2027-ci ilin 30 iyununa kimi anlaşıb. Münhen klubunun aşağı yaş qrupları üzrə komandalarında oynamış forvard əsas komandada debüt şansı qazanmayıb. O, bu il Ermənistan milli komandasında debüt edib və 2 qol vurub.