“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
- 31 Avq 2026 23:45
- 21
Misli Premyer Liqasında 2026/27 mövsümünün 3-cü turu çərçivəsində "Qarabağ" "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəlib.
Rekord.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında matç barədə fikirlərini bölüşüb:
“Futbolçularımı təbrik edirəm. Azlıqda qalmağımıza baxmayaraq qalib gəlməyi bacardıq. Rəqib topla yaxşı oynayırdı və bəzən onların qarşısını almaqda çətinlik çəkirdik. Onlara uğurlar arzulayıram. Azarkeşlərimizə də bu havada bizi yalnız buraxmadıqları üçün təşəkkür edirəm.
Kadi Borgesin “Tvente” ilə oyunda aldığı qırmızı vərəqə zamanı qərarın haqlı olduğunu düşünmürdüm, amma bu epizodda var idi. Yüngül iradlarımı da Kadiyə bildirdim. Mən nə qədər onları sakitləşdirsəm də, "Tvente" ilə matçdan sonra psixoloji gərginlik var idi və bunun olması da normal bir haldır.
“Qarabağ” tam hazır olması üçün bir qədər zaman lazımdır. Futbolçuların bir-birinə tam uyğunlaşması üçün vaxt gərəkdir. Oyundan-oyuna daha yaxşı olacağımızı düşünürəm. Yenilənməyə ehtiyac var. Təcrübəli mütəxəssis Ferqyuson deyirdi ki, bir komandanın yenilənməsi üçün ən azı 3-4 il lazımdır. Bizdə bu vəziyyət olmasa da, müəyyən zamandan sonra yaxşılığa doğru irəliləyiş olacaq. Fikir ayrılıqları ola bilər. Hər şey qaydasındadır. Bizim bir vəzifəmiz var. Meydanda döyüşməliyik”.