Futzal üzrə Azərbaycan millisinin Danimarka ilə yoldaşlıq oyunundakı qələbəsi növbəti matçlar üçün "açar" olub.


Rekord.az xəbər verir ki, bu barədə yığmanın üzvü Fərid Abbasov Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlama verib.


Futzalçı komandanı dəstəkləmək üçün arenaya gələn azarkeşlərə təşəkkür edib:


"Əvvəlcə bizi dəstəkləmək üçün arenaya gələn azarkeşlərə təşəkkür edirəm. İki fərqli oyun oldu. Birinci görüşdə səhvlərimiz həlledici oldu və rəqib bundan maksimum yararlandı. Yekunda uduzduq. Nəzərə alsaq ki, milli 8 aydan çoxdur oyun keçirmir, üstəlik, heyətə yeni futzalçılar da cəlb olunub, bu, müəyyən qədər anlaşılandır. Baş məşqçi oyunu təhlil etdi, bizə də səhvlərimizi göstərdi və ikinci görüş üçün təlimatlarını verdi. Bacardığımız qədər mübarizə apardıq, sonluq isə bizim üçün əla alındı".


O, rəqiblə qarşılaşmada fərqlənməsinə də toxunub:


"Bir qol vurmağım və məhsuldar ötürmə etməyim verilən tapşırıqları yerinə yetirməyimin nəticəsidir. Baş məşqçi hər zaman məsləhət bilir ki, özünə, oyunçunu keçə biləcəyinə inanırsansa, cəhd elə, fərdi keyfiyyətlərindən istifadə et. Qolun ötürməsi zamanı da gördüm ki, rəqibi keçə bilərəm, sona qədər davam etdim. Bu qələbə növbəti oyunlar üçün "açar" oldu. Əsas odur ki, özümüzə inanaq və çox çalışaq".


Qeyd edək ki, Danimarka yığması ilə yanvarın 22-də keçirilən oyunda rəqib 4:1, bundan iki gün sonra baş tutan matçda isə Azərbaycan millisi 4:2 hesabı ilə qalib gəlib.