Koronavirus pandemiyası həyatımızdakı rəngləri əməlli-başlı azaldıb. Daha doğrusu, əvvəlki rəngarəng günlərdən əsər-əlamət qalmayıb. Nə restorana gedə bilirik, nə də gəzməyə. Dənizə də həsrətik, dağlara-meşələrə də. Futbolu unutmuşuq, Azərbaycanda futbolun adını tutmaq mümkün deyil.

Artıq siz də bilirsiz ki, 2019/2020-ci il mövsümünü başa çatdırmaq mümkün olmadı. Nazirlər Kabineti yanında Operativ Qərargahla AFFA və klubların könülsüzlüyü, qorxaqlığı azarkeşləri Azərbaycan futbolundan məhrum etdi. Bundan sonrası da xeyli çətin olacaq.
Çünki Azərbaycan klublarının demək olar ki, hamısı bilavasitə sponsor puluna möhtacdı. Onlar özləri özlərinə pul qazana bilmirlər. Bunun da bizim reallıqlarımızla bilavasitə bağlığı var. Az-çox “Qarabağ” avrokuboklardakı çıxışından gəlir əldə edir, bir qədər də “Qəbələ” akademiyasında yetişdirdiyi gənclərin satışından. Qalanlarının vəziyyəti oxşardı. Özü də bu oxşarlığın içində bir başqa oxşarlıq da var ki, “Neftçi”, “Keşlə”, “Sumqayıt” və “Səbail” bir-birinə qardaş sayıla bilərlər. Çünki onlar hamısı AFFA-nın bu və ya başqa formada nəzarəti altındadı. AFFA bu komandalara prezident də göndərir, baş məşqçi də, futbolçu da. Necə deyərlər, pulu kim verirsə, musiqini sifarişini də o verəcək. 
“Keşlə”nin büdcəsindəki “dalğalanmaların”, heyətdəki dəyişikliklərin də əsas səbəblərindən biri budu. Yuxarıdan nə deyirlərsə, aşağıdakı icraçılar da onu edir. Büdcə azalanda fubolçuların da sayı azalır, eyni zamanda da maaşları. İndi həmin azalma səbəbindən Zaur Axundov Əfran İsmayılov, Ruslan Qurbanov kimi futbolçuları yola salmağı lazım bilib. Əfranın bu xəbərdən məyus olmadığı göz qabağındadı. Adam rayonların birində at çapır, ot biçir, xüsusi karantin rejimini yola verir. Ruslan Qurbanov isə rayona getməyib, Bakıda qalıb. Onun rayonu sərhədin o tayındadı, ora isə indi getmək mümkün deyil. Özünə klub tapmaq, karyerasını davam etdirmək arzusundadı. Di gəl ki, Azərbaycan klublarından ona dəvət göndərən yoxdu. Belədə futbolçu da təlaşlanıb.
Bu gün Ruslanın “apasport.az” saytına müsahibəsini oxudum. Qurbanov özünü küskün uşaqlar kimi aparır, bizi pasportumuzdan imtina edəcəyi ilə qorxudur. Yaxşı yadımdadı, “Neftçi”nin heyətinə cəlb olunduğu ilk günlərdə jurnalistlərə müsahibə vermişdi. Arif Əsədov onu az-az meydana buraxırdı, çünki “Neftçi”də güclü futbolçular cəmləşmişdi. Ruslan deyirdi ki, onun üçün meydanda olduğu hər dəqiqə bir çağırışdı, özünü çox xoşbəxt hiss edir. Onda Azərbaycan pasportu da, Bakı da onun üçün idi, vazkeçilməz idi. İndi isə vəziyyət dəyişib. Hələ Azərbaycanda heç “transfer pəncərəsi” açılmayıb, yeni mövsümün nə vaxt başlayacağı belə bilinmir. Kim bilir, bəlkə sabah işlər qaydasına düşəcək, hansısa komanda Ruslanın köməyinə ehtiyac duyacaq? Nə gərək var bizi belə şeylərlə qorxutmağa?
Ruslan Qurbanov unutmasın ki, bir vaxtlar Rusiyada heç kimə lazım olmayanda ona qucaq açıblar, pasport veriblər, klub tapıblar, milliyə çağırıblar. Düzdü, klub səviyyəsində az-çox özünü göstərib, amma millimizə fayda vermədiyi dəqiqdi. Ruslana bir təklifim də var. Azərbaycandan imtina etməzdən öncə Rusiya futbolundakı qayda-qanunu da yaxşı öyrənsin. Ötən ilin son günlərində Rusiya Futbol İttifaqı legionerlərin statusu ilə bağlı qaydaları dəyişib. Çünki orda legionerlər, gəlmələr bizdəki qədər sevilmir. Ola bilər ki, Rusiya pasportunu “bağrına basmağı”, Azərbaycan vətəndaşlığından imtina etməsi belə legioner sayılmaması üçün yetərli olmasın...