Ayxan Abbasov daha bir standartı yüksəldir. Adam İlqar Qurbanovla birlikdə ötən həftə 5 gündə 4 ölkəyə səfər edərək Cəlal Hüseynov, Mahir Əmrəli, Toral Bayramovun, üstəlik, "Sabah" və "Qarabağ"ın səfər matçlarını yerində izləyib, ardından da özünü Premyer Liqada "Zirə" - "İmişli" matçına çatdırıb. Əvvəl belə şey olmayıb, bundan sonra da olacağına inanmıram.

Hə, deyilə bilər ki, guya gedib izləniləsi nə var ki? Onsuz da hamısının səviyyəsi də, oyunu da bəllidir. Deyilə bilər, ancaq razı deyiləm. Bir neçə səbəbi var.

Əvvəla, bu cür danışmaqla biz standartı aşağı salır, yarış başlamamış bitirməyimizə şərait yaradırıq. Belə olanda oyunçular da, məşqçilər də, rəhbərlər də rahatlaşır, heç bir məsuliyyət hissinə sahib olmurlar. Yəni "sizə lazım deyilsə, bizə də lazım deyil" fikrinə gəlirlər. Həmişə belə olub, nəticəsi də ortadadır. Dəyişmək lazımdır. Hətta 1 nəfərimiz belə meydana çıxıbsa, vacib matçlar öncəsində izlənilməsi müsbət haldır.

İkincisi, TV-də, internetdə izlənilən oyunla, tribunadan izlənilən oyun başqadır. Orada hər şey başqa cür görünür, daha çox detalı sezmək olur. Matçın videoyazısına isə sonra da baxmaq olar.

Üçüncüsü və məncə, ən əsası futbolçuların bu olaya münasibətidir. Milli komandanın baş məşqçisinin onun oyununu izləmək üçün ayağına qədər gəldiyini bilən istənilən futbolçu bunu əlavə məsuliyyətlə yanaşı, böyük dəstək kimi də qəbul edəcək. Bu, onların diqqətdə saxlanıldıqlarını bilmələri baxımından xüsusi əhəmiyyət kəsb edən olaydır. İntizam, komanda oyunu məhz belə şeylərlə, belə addımlarla formalaşır. Onsuz da dünyanın dibində olan millimiz var, heç olmasa bu yolla nəsə etməyə çalışaq.

Sonuncusu da ki, uzun yoldur. Bir həftədə bu qədər vaxtı yolda keçirmək ciddi yorğunluğa səbəb olur. Bizə elə gəlir ki, adam durun burdan Rumıniyaya, ordan Niderlanda, ordan başqa, ordan da daha başqa yerə gedirsə, yaxşıca gəzmiş olur. Gəzmək üçün heç olmasa, 4-5 günü həmin yerdə keçirmək lazımdır. 5 günə 4 ölkəyə getmək isə ümumiyyətlə istirahət deyil, yorucu işdir. Qazancı yaxşı olsa belə.

Həmişə tənqid edirik, amma təqdir etməyi də bacarmaq lazımdır. Ayxan Abbasov işinə məsuliyyətli yanaşdığını əyani göstərir, çox vacib bir presedent yaradır. O, bununla ondan 1 il, 3 il, yaxud 5 il sonra gələcək məşqçilərdən eynisini tələb etməyimizə vəsilə olur. Vaxt vardı Foqtsu Azərbaycana gətirə bilmirdik ki gəlsin heç olmasa yerli çempionatı izləsin. Ona baxıb, nümunə göstərib digərləri də eyni addımı atır, yola verirdilər. Ona görə də gələn-gedənə qapazaltı olmuşduq. Ayxandan sonra (ümid edirəm uzun müddət işləyər və uğur qazanar) isə heç olmasa işin bu tərəfində dəyişiklik olacaq. Hamısına "Ayxan gedirdi, zəhmət çək, sən də get" deyə biləcəyik.