Şuşanın idman ictimaiyyəti onu yaxşı tanıyır. Yazdığı 6 kitabla daha da sevilən, bir çoxları üçün Şuşa uşaq futbolunun atası sayılan Əbülqasım Novruzov dünən 70 yaşını qeyd etdi. Həm yubleyini təbrik etmək, həm də mədəniyyət paytaxtımızın idmanının gələcəyi ilə bağlı söhbət etmək üçün səbəbkarla əlaqə saxladıq. Əbülqasım bəylə redaksiyamızda söhbətləşdik.

 



- Bu gün 70 yaşınız tamam olur. Yubleyinizi necə qeyd edirsiz?
- Adi qaydada. Nə var ki? Açığı, bir az sevinirəm. Çünki torpaqlarımızın xeyli hissəsi qayıdıb, Şuşamızda görüşlər, festivallar keçirilir. Böyük türk dünyasının lideri Rəcəb Tayyib Ərdoğan həmin mərasimdə iştirak etdi. Buna çox sevinirəm. Əminəm ki, şəhərimiz qısa müddətdə tam bərpa olunacaq.

- 30 ilə yaxın doğum gününüzü Şuşadan kənarda, Şuşanın yoxluğunda qeyd etmisiz. İndi isə müzəffər ordumuz tərəfindən mədəniyyət paytaxtımız mənfur düşmən tapdağından azad olundu. 70 yaşınızın - yubleyinizin bu məqama təsadüf etməsi sizi daha çox sevindirirmi?
- Sözün əsl mənasında möhtəşəm hisslər keçirirəm. Çox xoşbəxtəm ki, 70 illiyim dönəmində Şuşam artıq azaddı. Mən bu günü çoxdan gözləyirdim. Fikrimcə, bütün türk dünyası buna sevinir. Şuşa elə zirvə, elə məkandı ki, onun azad olunması hamını sevindirdi. Düşünürəm ki, Azərbaycandan, Türkiyədən başqa, digər ölkələrdə də ordumuzun bu nailiyyətinə heyran oldular. Ərdoğan kimi insan şəhərimizə səfər etdi, burda bəyənnamə imzalandı. Çox sevinirəm ki, tarixi şəhərimiz, azərbaycanlıların Şuşası tam azad olunub.

- Artıq Şuşada yenidənqurma işləri görülür. Şəhər daha da gözəlləşib, müasirləşəcək. Tək qaranlıq məqam var ki, bu şəhərdə futbol klubu fəaliyyət göstərəcəkmi? Stadionun tikilməsini və komanda yaradılmasını təklif etməyi düşünürsüzmü?
- 5 il öncə “Futbol+” qəzetində “Şuşa futbolunun korifeyi 65 yaşını qeyd edir” sərlövhəli yazı getmişdi. İndi 70 yaşımı qeyd edirəm. Şuşa işğal olunarkən bir arzum olub. Həmişə düşünürdüm ki, doğma şəhərimə qayıdım, torpağına ayıq basım, öpüb bağrıma basım. Əvvəlcə atamın qəbrini ziyarət edim. Mənfur düşmən oranı dağıtmayıbsa. Sonra Cıdır düzündə və şəhərin mərkəzində olan 53 metrlik meydanda futbol oynayım. Dostlarım, tay-tuşlarımla bir yerdə. Bir də istəyərəm ki, tezliklə Şuşamızda heç olmasa, 10 minlik stadionun tikintisi başlasın. Təbii ki, bəyannamədə idmanla bağlı məsələlər də qeyd olunub. Ümid edirəm ki, stadion da tikiləcək. O vaxt Şuşanın komandasının adını “Qala” qoymuşdum. Çünki şəhərimiz 4 tərəfdən qalalarla əhatə olunub. Komanda hətta Azərbaycanın 1-ci divizionunda iştirak etmişdi. Bəzi lazımsız adamların fikrinə görə “Qala” sözünü götürdülər. Həmin komandanın baş məşqçisi mən idim. Klubu həm yaratmışam, həm də bir neçə oyunda çalışdırıcısı olmuşam. Allah qoysa, Şuşaya qayıdandan sonra komandanı bərpa edəcəyik. Adını yenə “Qala” qoyacağıq. Alınmaz qala kimi futbol klubumuzun da uğurları böyük olacaq.

- Klubun fəaliyyətə başlaması istiqamətində addım atmısız?
- AFFA-ya müraciət etmişik. Müsbət cavab verilib. İnsanlar ora qayıdandan sonra klubun yaradılması prosesinə start veriləcək. Komandanın 1-ci divizionda iştirak etməsinə icazə veriləcək. Bunun üçün də, təbii ki, şəhərdə stadion tikilməlidi. Böyük ehtimalla bu məsələ qısa müddətdə həllini tapacaq. Ümid edirəm ki, bu klub futbolun inkişafına böyük töhfə verəcək. Həm ölkəmiz, həm də Qarabağ üçün uğurlu olacaq.

- Şuşa idmanı üçün nələr etmisiz?
- 2009-cu ildən kitab yazmaq həvəsinə düşdüm. Yaşadıqlarım, gördüklərim haqda məlumatları yazıya çevirdim. 6 kitab araya-ərsəyə gətirmişəm. Birincinin adı “Şuşanın idman tarixi və idmançıları”dı. Bunu bir yoldaşla birgə yazmışıq. İkinci kitabın adı “Şuşa futbolu”du. 2012-ci ildə işıq üzü görüb. Üçüncü kitabımın adı “Şuşalı Qaçay pəhləvan”dı. Şəhərimizin güclü idmançısının həyatından bəhs etmişəm. Dördüncü kitabımın adı “Şuşada voleybolu sevirlər”di. 500 səhifədən ibarətdi. 5-ci kitabın adı “Şuşa güləşçiləri” olub. O da 500 səhifədən ibarətdi və burda idmançılarımızın uğurlarından bəhs olunub. Son kitabımın adı “Şuşalı laysman Tofiq Bəhramov”dı. Bunların hamısında Şuşanın idmanından və idmançıların həyatından bəhs etmişəm. Çox maraqlıdı ki, AİJA-nın keçirdiyi sorğularda 4 kitabım qalib olub. 2015, 2017, 2019 və 2020-ci illərdə bu nominasiyalarda əsas mükafatı qazanmışam. Bu kitablardan başqa, dövlətimiz tərəfindən ada layiq görülmüşəm. Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl təhsil işçisi” adı verilib. Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif edilmişəm. Məni yada saldığınıza və diqqətdə saxladığınıza görə sizə də təşəkkür edirəm. ("Futbol plus")