Qarşılayın! Premyer Liqamızın yeni sakini - "Şəfa" FK!


Daha doğrusu, köhnə-yeni sakini "Şəfa". Bu klub vaxtilə sabiq AFFA prezidenti Fuad Musayev tərəfindən yaradılmışdı. Məqsəd gənc və yerli futbolçulardan ibarət bir komanda qurmaq idi. İndiki Premyer Liqa, o vaxtkı Yüksək Dəstədə oynadılar. Heyətlərində hazırda millinin baş məşqçisi olan Ayxan Abbasov, onunla yanaşı, "Qızıl oğlan" Zaur Tağızadə, həmçinin Elxan Həsənov, Ramiz Məmmədov, Faiq Cabbarov, Füzuli Məmmədov, Aftandil Hacıyev, Ruslan Poladov, Elçin Rəhmanov, Emin İmaməliyev, Samir Musayev və bir çox digərləri vardı. Ulduzlar toplusu idi komanda. Bir dəfə də ölkə Kubokuna da sahib çıxıblar. 


2004-05-ci illər mövsümündə maliyyə problemlərinə görə dağılan klubda bu gün durum başqadır. Ciddi maliyyə dəstəyi olan, müstəqil bir klubdurlar. Əsas sponsoru "MyGroup Holding"dir. Komanda 3 ildir bərpa edilib və bu qədər qısa müddətdə artıq Premyer Liqaua vəsiqə qazandılar. II Liqadan başladılar, I Liqaya çıxdılar, ilk cəhddən də artıq elitadadırlar. Çıxışları maraqlı olacaq.


Ona görə maraqlı olacaq ki, klub rəhbərliyi "Şəfa"nın yaradılış prinsiplərinə sadiq qalmaq və heyəti yalnız azərbaycanlı futbolçulardan qurmaq istəyir. Bu yaxınlarda klub prezidenti Kənan Sadıqlı "Atletik"in sistemini tətbiq etmək istəyirik" deməklə baxış bucaqlarını ortaya qoyub. Belə təcrübələr liqamızda əvvəl də olub, hamısında da uğursuzluğa düçar olub. Amma "əvvəl olubsa, yenə belə olacaq" deyilən bir prinsip yoxdur, aksiom deyil. Ola da bilər, olmaya da. Görüləcək işdən, ona peşəkar yanaşmadan asılıdır. 


Hazırda bizə 21 ildən sonra elitaya geri qayıdan bu komandaya ancaq təbrik edib, uğur arzulamaq qalır. 


Xoş gəlib, ("Ş)səfa(") gətirirlər!