"Zirə"nin rəqibini Azərbaycan futboluna bağlayan bağlar
- 13:00
- 41
Bir neçə kəlmə də "Zirə"nin rəqibi haqda. "Torpedo" Kutaisini tam münasib rəqib hesab etmək olar. Gürcüstan milli səviyyəsində bizdən üstün olsa da, klub futbolunda geri qalır. Dəfələrlə klublarımız gürcü klublarını rahat şəkildə məğlub edib. Yalnız "Qəbələ" ilk qrupa düşdüyü mövsümün təsnifatında "Dinamo" Tbilisi önündə çətinlik çəkmişdi. Amma sonrakı illərdə "Neftçi" və "Qarabağ" gürcü klublarını bir ayaqla keçmişdi. Bu mənada "Zirə"nin də mərhələ keçmək şansı pis deyil.
Gürcüstanın qonşu dövlət olmasının bir üstünlüyü də odur ki, uzaq məsafə qət etmirsən. Amma təbii ki, "Torpedo"nu ciddiyə almaq lazımdı. İlk növbədə ona görə ki, hazırda Gürcüstan çempionatı davam edir, "Torpedo" daha formadadır, futbolçuların oyun praktikası baxımından problemi yoxdur. "Zirə" isə faktiki dağılıb, Rəşad Sadıqov çimərlikdən futbolçu yığıb 15-20 günə hazırlamalıdır. Ki, bu da qəliz məsələdi. Hələ gedənləri kimlər əvəzləyəcək, normal yeni transferə vaxt olacaqmı, bunlar da hamısı sualdı.
Bu arada, "Torpedo" haqda bəzi maraqlı məlumatları da bölüşüm. Komandanın yaranma tarixi kimi 1946-cı il göstərilsə də, əslində bu tarix 1921-ci ilə gedib çıxır. Həmin vaxt "Qızıl Ordu"nun Grücüstanı işğal etməsindən sonra gürcülər buna cavab olaraq Kutaisitə "Başi-Açuki" klubunu yaratdılar. Bu ad Akaki Tseretelinin eyniadlı əsərindəki qəhrəmanın şərərəfinə belə adlanmışdı. Sonra komanda "Xaraba Kutaisi" kimi fəaliyyətini davam etdirdi. Yalnız 1946-cı ildə klub Kutaisi Avtomobil Zabodunun himayəsinə keçdikdən sonra "Torpedo" adlanmağa başladı. Klub "Torpedo" kimi ilk titulunu 1949-cu ildə Gürcüstan çempionu olaraq qazanıb. 1962-1970, 1982-1983, 1985-1986-cı illərdə SSRİ çempionatında çıxış edib. 1990-cı ildən müstəqil Gürcüstan çempionatında çıxış edən "Torpedo" 4 dəfə ölkə çempionu olub, 5 dəfə kuboku qazanıb. Komandaya Davit Kipiani və Revaz Dzodzuaşvili kimi tanınmış gürcü mütəxəssislər rəhbərlik edib.
"Torpedo"nu bizə bağlayan bir maraqlı bağ: "Torpedo Kutaisi" 2017-ci ildə dördüncü çempionluğunu Kaxaber Çxetianinin rəhbərliyi altında qazanıb. Çxetiani bu tituldan əlavə, 3 dəfə Gürcüstan Kubokunu (2016, 2018 və 2022-ci illərdə) və 2 dəfə Super Kuboku (2018 və 2019-cu illərdə) qazanıb. Həmin bu Çxetiani 2008-10-cu illərdə Zaqatalanın "Simurq" klubunda forma geyinib, bürünc medal qazanıb və avrokuboklarda iştirak edib. Maraqlıdır ki, "Torpedo" məhz Çxetianının rəhbərliyi altında Avropa Liqasında pley-offa qədər gedib çıxıb, qrup mərhələsinin bir addımlığında mübarizəni dayandırıb. Hazırda komandanın stabil maliyyə dayağı var, “New Vision University” şirkəti kluba yaxşı maliyyə dəstəyi verir.
Komandanın ev oyunlarını keçirdiyi "Ramaz Şengeliya" adına stadion 14700 tamaşaçı tutumuna malikdi, təbii örtüklüdür və son yenidənqurmadan sonra müasir səviyyəyə çatdırılıb.