“Zirə” Azərbaycan Premyer Liqasında 50-ci qələbəsini qazanıb.

Rekord.az xəbər verir ki, bu yubiley 12-ci turun “Keşlə” ilə matçına təsadüf edib. 

3:1 hesabı ilə qalib gələn “qartallar” 2015-ci ildə debüt etdikləri yüksək dəstədə 50-ci dəfə üç xala sevinib.

Bu, komandanın 132-ci görüşündə qeydə alınıb. Qələbələrdən 31-i ev, 19-u səfərdə əldə olunub.

“Keşlə” ilə matç baş məşqçi Zaur Həşimovun rəhbərliyi altında əldə olunan ilk qələbə kimi də tarixə düşüb. O, komandasının “sükanı arxası”nda qələbə sevinci yaşayan 4-cü mütəxəssisdi. Onadək Adil Şükürov 21, Ayxan Abbasov 18, Samir Abasov 10 dəfə “Zirə”nin qələbəsində pay sahibi olub.

Mövsümdə 3-cü dəfə qalib gələn “Qartallar” əvvəlki 4 turnirdə 47 dəfə rəqiblərini məğlub edib: 2015/16 – 17, 2016/17 – 10, 2017/18 – 12, 2018/19 – 8.

“Zirə” “Keşlə”ni 5-ci dəfə məğlub edib. Premyer Liqada qarşılaşdığı 11 komandadan 10-na qalib gələn “Qartallar” yalnız “Qarabağ”dan üç xal almayıb: “Sumqayıt” – 10, “Neftçi” – 9, “Kəpəz”, AZAL, “Keşlə” – 5, “Qəbələ”, “Səbail”, “Xəzər Lənkəran” – 4, “Rəvan” – 3, “Sabah” – 1.

“Zirə”nin əlamətdar qələbələrinin hamısı ev oyunlarında əldə olunub:

1-ci. 09.08.2015. Zirə - AZAL - 1:0
10-cu. 15.02.2016. Zirə - Rəvan - 2:1
20-ci. 16.10.2016. Zirə - Neftçi - 2:0
30-cu. 26.08.2017. Zirə - Sumqayıt - 3:1
40-cı. 05.10.2018. Zirə - Qəbələ - 1:0
50-ci. 24.11.2019. Zirə - Keşlə - 3:1