Zərdab rayonu Gəlmə kənd tam orta məktəbinin idman bazasında "Şahin" hərbi-idman oyununun rayon birinciliyi keçirildi.

Rekord.az xəbər verir ki, rayonun 19 tam orta məktəbinin mübarizə apardığı birinciliyi giriş sözü ilə Zərdab rayon Gənclər və İdman idarəsinin rəisi Ələkbər Kərimov açdıqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olundu.

Çıxışında ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən bəhs edən Ələkbər Kərimov Vətən Müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş qələbənin Azərbaycan gəncləyinin qəhrəmanlığını, hünərini, vətənpərvərlik tərbiyəsini bütün dünyaya əyani nümayiş etdirməsindən bəhs etdi.

Tədbirdə Zərdab rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Zinhar Bayramov, İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin əməkdaşı Kamil Məmmədov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Zərdab rayonu üzrə təhsil sektorunun müdiri Gülağa İsgəndərov, Gənclər evi SXM-nin direktoru Jalə Kərimli “Şahin” hərbi-idman oyununun gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin inkişafında böyük əhəmiyyət daşıdığını qeyd edərək, birincilikdə iştirak edən komandalara uğurlar arzuladılar.

Gərgin mübarizə şəraitində keçən yarışda Gəlmə kənd tam orta məktəbinin komandası I yeri, Şəhər 3 saylı tam orta məktəbinin komandası II yeri , Şəhər 1 saylı məktəb liseyin komandası isə III yeri tutdu. Birincilikdə I, II və III yeri, eyni zamanda müxtəlif mərhələlər üzrə fərqlənmiş komandalara Zərdab rayon Gənclər və İdman idarəsinin diplomları təqdim olundu.