Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının təsnifat mərhələsində mayın 8-də ikinci matçını keçirib.  F qrupunda yer alan yığmamız I dövrəyə ev sahibliyi edən Gürcüstanı sınağa çəkib. 

Pərviz Səmədovun rəhbərliyi altında mübarizə aparan komandamız görüşü “quru hesabla” – 3:0 (25:20, 25:22, 25:15) hesabı ilə aktivinə yazıb. Bu qələbə təmsilçimizə 3 xal qazandırıb. 

Qrupumuzun digər görüşündə isə Monteneqro və Yunanıstan üz-üzə gəlib. Matç ikincilərin 3:2 hesablı qələbəsi ilə başa çatıb.  

İkinci turdan sonra aktivində 3 xalı olan voleybolçularımız turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. Siyahıya 5 xalla Yunanıstan başçılıq edir. Onlardan 1 xal geri qalan Monteneqro ikincidir. Qrup sonuncusu olan Gürcüstan hələ xal qazana bilməyib. 

Yığmamız mayın 9-da dövrənin son qarşılaşmasında lider Yunanıstanla üz-üzə gələcək.

Qeyd edək ki, Avropa çempionatının təsnifat mərhələsində 7 qrupda 26 komanda mübarizə aparır. Onlardan 12-si – 7 qrup birincisi və ən yaxşı ikinci yerin sahibi olacaq 5 ölkə AVRO-2021-ə vəsiqə qazanacaq.

AVRO-2021-in təsnifat mərhələsi
F qrupu
II tur, 8 may 
   Monteneqro – Yunanıstan 2:3 (25:17, 20:25, 19:25, 25:23, 14:16)
   Azərbaycan – Gürcüstan 3:0 (25:20, 25:22, 25:15)