Yevlaxda iki gün - FOTOLAR
- 13:00
- 44
PFL-in dəstəyi ilə bölgə oyunlarına növbəti səfərimiz çərçivəsində bu dəfə Yevlaxa yollanmışdıq. Əvvəlki səfərlərdən fərli olaraq, bu dəfəki səfərimiz iki gün çəkdi. Çünki "Karvan" - "Sumqayıt" matçının səhəri günü "Kəpəz"lə "Şamaxı" da bu şəhərdə qarşılaşacaqdı. Ona görə geri qayıtmayıb bir gecəni Yevlaxda keçirəcəkdik. Bu fürsətdən istifadə edib "Karvan"ın bazası ilə ətraflı tanış olmağa qərar verdik. Neçə müddətdir ki, bunu planlaşdırmışdıq. "Karvan" hazırda turnir cədvəlində sonuncu pillədə yer alsa da, baza və infrastruktur olaraq əksər klublarımızdan seçilir.
6 hektardan yuxarı ərazidə əsas stadiondan başqa ehtiyat meydança və yeni istifadəyə verilən iki mərtəbəli yataqxana da yerləşir. Bizi baza ilə tanış edən klubun icraçı direktoru Elvin ƏIjdərli bildirdi ki, yaxın zamanlarda ehtiyat meydançada 1500 nəfərlik tamaşaçı tutumuna malik yeni stadion da tikiləcək. Yeni stadion təbii örtüklü olacaq. Bu arada, Əjdərli futbol sahəsində yeni olsa da, işinə həvəsli və məsuliyyətli görünür. Hiss olunur ki, bir yevlaxlı kimi, "Karvan"ın dah ada inkişafında maraqlıdır. Daha əvvəllər gənclər sektorunda çalışan bu şəxsin jurnalistlərlə xoş ünsiyyəti diqqət çəkirdi. Sahədə yeni olsa da, hiss olunur ki, media ilə isti münasibətin tərəfdarı olan insandır. Onun sözlərinə görə, tikilən bazanın ümumi sahəsi 3500 kv.metr təşkil edir. Yeni təlim-məşq bazasının inşasına ötən ilin əvvəllərindən start verilib. Layihə çərçivəsində həm baza infrastrukturu, həm də süni örtüyün qurulması həyata keçirilib. Ümumilikdə tikinti və örtük işlərinə 3 milyon manatdan artıq vəsait yatırılıb. Futbolçular və məşqçilər üçün nəzərdə tutulan yeni yataqxana təxminən 60 nəfəri eyni vaxtda keyfiyyətli xidmət göstərmək üçün nəzərdə tutulub. Bazada 30 yaşayış və funksional otaq mövcuddur və onların hər biri müasir idman infrastrukturu standartlarına uyğun şəkildə qurulub. Otaqların planlaşdırılması həm peşəkar futbolçuların bərpa prosesinə, həm də məşqçi və texniki heyətin rahat fəaliyyətinə hesablanıb. Bu kompleks yalnız yaşayış məkanı deyil, eyni zamanda futbolçuların asudə vaxtının səmərəli təşskili üçün də nəzərdə tutulub. Tikinti işləri üçün klub rəhbərliyi şəxsi büdcəsi hesabına əhəmiyyətli maliyyə dəstəyi göstərib. Bu yanaşma klubun idarəetmə fəlsəfəsini aydın şəkildə nümayiş etdirir. Məqsəd yalnız mövsümi nəticələr deyil, dayanıqlı və peşəkar futbol mühitinin formalaşdırılmasıdı. Yeni bazanın tikintisi və meydança örtüyünün qurulması işlərinə ümumilikdə 3 milyon manatdan artıq vəsait sərf olunub. Layihəyə əsasən, yuxarıda haqqında bəhs etdiyimiz təbii ot örtüklü, 1500 nəfərlik azarkeş tutumuna malik yeni stadionun inşası üçün təxminən 4,5 milyon manat vəsaitin ayrılması planlaşdırılıb.
Eyni zamanda bazanın ərazisində fan sektorun yaradılması da planaşdırılır və hazırda bununla bağlı işlər də sürətlə görülməkdədir.
Anar XANLAROV