Qətərdə təşkil olunan dünya çempionatındakı ilk oyununda Yaponiya ilə qarşılaşan Almaniya yığması bu matçdan 1:2 hesablı gözlənilməz məğlubiyyətlə ayrıldı.

Rekord.az xəbər verir ki, Bundestim 33-cü dəqiqədə İlkay Gündoğanın dəqiq yerinə yetirdiyi penalti qolu ilə hesabda önə keçsə də, ikinci hissədə sonradan oyuna daxil olan Ritsu Doan və Takuma Asano fərqlənərək yaponlara əzmkar qələbə qazandırdı.

Yaponiya yığması tarixində ilk dəfə dünya çempionatlarında qol buraxdıqdan sonra əzmkar qələbəyə sevinib. Bunadək yaponlar hesabda geri düşdükləri oyunlarda 2 heç-heçə etdikləri halda, 7 məğlubiyyətlə üzləşmişdilər.

Maraqlıdır ki, Yaponiyaya qələbə qazandıran qolları məhz Almaniya Bundesliqasında çıxış edən oyunçular vurdular. Doan “Frayburq”da, Asano “Bohum”da forma geyinir. Yaponiya həm də dünya çempionatları tarixində Almaniyaya qarşı oyuna sonradan daxil olan iki oyunçusu qol vuran ilk komandaya çevrilib.

Almaniya yığması isə 1978-dən bəri ilk dəfə hansısa mundialda birinci hissədən sonra hesabda öndə olduğu matçda uduzdu. Bu gün Yaponiyaya yenilən (1:2) Bundestim, o zaman Avstriyaya təslim olmuşdu - 2:3.

Almaniya millisi həm də ardıcıl ikinci dəfə dünya çempionatında açılış oyunlarını uduzub. Bundestim 2018-ci ildə Rusiyada təşkil olunmuş mundialda da Meksika ilə bacarmamışdı – 0:1. Sözügedən komanda daha öncə 18 mundialdan sadəcə birində (DÇ-1982) açılış matçında məğlub olmuşdu.