
Xalq artisti də dilə gəldi: "İanə ilə klub saxlamaq qeyri-mümkündür" MÜSAHİBƏ
- 22 Avq 2022 12:00
- 600
“Keşlə” adını dəyişib “Şamaxı” olandan və bölgəyə köçəndən onun ən sadiq azarkeşlərindən biri də “Şöhrət” ordenli İlham Namiq Kamaldı.
Əslən Şamaxıdan olan sənətkarı tez-tez “şirlər”in ev oyunlarında görmək mümkündü. Srağagün keçirilən “Şamaxı” – “Səbail” matçında da sevimli aktyorumuz tribunada öz yerini tutmuşdu. Maraqlıdı, İlham bəy “Şamaxı”nın çıxışı barədə nə düşünür, azarkeş kimi nədən razı, nədən narazıdı?
Onunla söhbətdə həm bu suala aydınlıq gətirmək istədik, həm də bizi maraqlanıran başqa mövzular barədə danışdıq.
- Sizi tez-tez “Şamaxı”nın ev oyunlarında görürük. Artıq 3 tur geridə qalıb, azarkeşi olduğunuz komandanın oyunu barədə nə düşünürsüz?
- Əvvəlcə onu bildirim ki, mən stajlı futbol azarkeşiyəm. Ölkə futbolunu yaxından izləməklə yanaşı, xarici çempionatlara da baxıram. Baxmayaraq ki, fəaliyyət dairəm tam fərqli sahəni əhatə edir, futbolu da çox sevirəm. O ki qaldı “Şamaxı”nın çıxışına, məni sevindirən əsas məqam bu komandanın əsasən yerli gənclərdən qurulmasıdı. Düzdü, aralarında təcrübəli isimlər də var, ancaq çoxu cavanlardı. 17, 18 yaşlı oyunçular futbolumuzun gələcəyidi. Səhv etmirəmsə, bu gün “Şamaxı”da orta yaş həddi 25-in altındadı. Bu da çox yaxşı göstəricidi. Ola bilsin, azarkeş kimi hələ istədiyimiz oyunu görə bilmirik. Ancaq komandanın bu yay yenidən formalaşdığını nəzərə alsaq, qarşıdakı turlarda daha yaxşı “Şamaxı” izləyəcəyimizə ümid edirəm. Futbolumuzun inkişafını istəyiriksə, bölgələrdə “idmanın şahı”nın inkişafına, komandaların sayının artmasına çalışmalıyıq.
- Cari mövsümdə artıq 10 komanda iştirak edir. Sizə elə gəlmir ki, kəmiyyət dalınca düşüb keyfiyyəti yaddan çıxarırıq...
- Təbii ki, hamı kimi mən də daha keyfiyyətli oyunların keçirildiyi çempionatımızın olmasını istəyirəm. Ancaq komandaların hamısının Bakıda məskunlaşması da düz deyil. Bu gün bölgələrdə nə konsertlər keçirilir, nə də teatrlar var. İnsanlar asudə vaxtını keçirmək üçün yer axtarırlar. Futbol bir növ boşluqda onlar üçün “dərmandı”. “Şamaxı”nın ev oyunlarında tribunalar həmişə dolu olur. Niyə? Çünki, burda həm futbolu sevirlər, həm də asudə vaxtını səmərəli keçirilər. Daha bir önəmli məqam böyük futbolun Şamaxıya gəlişindən sonra uşaq və yeniyetmələrin bu idman növünə marağı artıb. Bu gün 50 nəfər rayonda futbolla məşğul olmağa başlayıbsa, bu artıq uğurdu. Nə bilmək olar, bəlkə gələcəkdə onların arasından adlı-sanlı futbolçu çıxacaq? Odu ki, sabahımızı fikirləşiriksə, bu gündən ortaya keyfiyyətli iş qoymalıyıq. Ancaq narazı olduğum məqam da var.
- Nədən narazısız?
- Şamaxı şəhər stadionunda işıqlandırma sisteminin olmamasından. Günün istisində futbol izləmək adama xoş gəlmir. Düzdü, mənim kimi həqiqi azarkeş istiyə-soyuğa, Yağışa-qara baxmadan yenə tribunada olacaq. Ancaq niyə belə olmalıdı? Ölkə başçısı stadionun açılışını etdi, xeyir-dua verdi. Olmazdı ki, işıqlandırma sistemi də vaxtında həll olunsun. Bu nə çətin şeydi ki, onu hələ də həll edə bilmirlər. İnanıram ki, yaxın vaxtlarda qeyd etdiyim çatışmazlıq da aradan qaldıralacaq.
- Ölkə futbolunu yaxından izlədiyinizi vurğuladız. Azərbaycan futbolunun bugünkü durumu barədə fikirlərinizi bilmək maraqlı olardı...
- İlk növbədə “Qarabağ”ın və Qurban Qurbanovun adını çəkərdim. Baş məşqçi komandası ilə birlikdə bizim fəxrimizdi. Belə düşünürəm ki, Qurban müəllimin işinə kənardan müdaxilə etmirlər deyə, bu yerlərə gəlib çatıb. “Qarabağ” öz dəsti-xətti olan komandadı. Sizə dediklərimi Qurban müəllimin özünə də söyləmişəm. Azərbaycan futbolunda yaşanan bəzi neqativ məqamlar məni üzür. Niyə “Kəpəz” ev oyunlarını Qəbələdə keçirməlidi? Gəncə kimi şəhərin stadionunu vaxtında təmir etmirlər, sonra da düşürlər ələ-ayağa. Və yaxud ianə ilə avtobus almaq istəyirlər. Ondansa, Şeyxülislamın nəzir qutularını qoysunlar. Biz qalib xalqıq, biz həm idmanda, həm də başqa sahələrdə böyük qələbələrə öyrəşmişik. İanə ilə iş görmək, klub saxlamaq, inkişaf etmək qeyri-mümkündü. Belə söz-söhbətləri eşidəndə əsəbləşirəm. ("Futbol plus")