“Vaxt itirmək istəmədim” - Emin Mahmudov
- 22:23
- 21
Andorra yığması ilə keçiriləcək yoldaşlıq görüşündən əvvəl təşkil olunan mətbuat konfransında Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov jurnalistlərin suallarını cavablandırıb.
Rekord.az xəbər verir ki, təcrübəli oyunçu ilk növbədə görüş haqqında fikirlərini bölüşüb:
“Hamını salamlayıram. Əslində, bu matç mənim üçün doğrudan da bir qədər həyəcanlı olacaq, çünki axırıncı oyunuma çıxıram. Amma həmişə dediyim kimi, meydana qələbə qazanmaq üçün çıxacağıq. Bizim üçün yaxşı oyun göstərmək və qazanmaq çox vacibdir. Çalışacağam ki, sonuncu matçımda ən yaxşı çıxışımı sərgiləyim və yaddaşlarda yaxşı qalım.
Ən yadda qalan İrlandiya seçməsinin qapısına vurduğum qoldur, çünki o, möhtəşəm bir stadionda olmuşdu. Lüksemburqla matçda cərimə zərbəsindən vurduğum qolu da qeyd edərdim. Hər oyunda qol vurmaq şansım olur və bunun üçün həmişə çalışıram. İmkan olanda məşqlərdən sonra da qalıb zərbə məşqləri edirəm, çünki fərqlənməyi hər zaman istəyirəm. Amma mən həmişə ilk növbədə düşünmüşəm ki, komandanın qələbəsi daha vacibdir.
Bilirsiniz ki, bu, milli komandadır və növbəti ev oyunumuzun nə vaxt olacağını dəqiq bilmirik. Ona görə də çox gözləmək istəmirdim. Evdəkilərlə, dostlarımla və baş məşqçimlə danışdım. Qərara gəldim ki, gözləməkdənsə, bu addımı indi atım. Martda ev oyunumuzun olub-olmayacağı bəlli deyil. Ona görə də vaxt itirmək istəmədim. İndi əsas məqsədim millidən sonra “Neftçi” ilə çempion olmaqdır. İnşallah, bunun üçün vuruşacağıq”.