Takevondo üzrə gənclərdən ibarət Azərbaycan millisinin məşqçisi Fəridə Əzizova Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) komanda üzvlərinin medal qazanacağına ümid edir.


Rekord.az xəbər verir ki, mütəxəssis bu barədə Milli Olimpiya Komitəsinin rəsmi saytına açıqlama verib.


O, taekvondonun ilk dəfə bu turnirin proqramına daxil edildiyini xatırladıb:


"Bu da 34 illik tarixə malik olan festivalda bir yenilikdir. Komandamız bu yarışda 5 oğlan, 3 qız olamaqla 8 idmançı ilə təmsil olunacaq. Millimizin heyətində təcrübəli və perspektivli idmançılar yer alıb. İlin əvvəlindən iki yarışda iştirak etmişik. Həmin yarışlar bir növ bu festival üçün hazırlıq xarakteri daşıyıb. Komandamız artıq hazırlığın son mərhələsindədir. Təbii ki, bu yarışdır, öncədən proqnoz vermək çətindir. Amma idmançılarımız məşqlərdə intensiv şəkildə çalışırlar. Özlərini yaxşı formada hiss edirlər. Heyətdə nəticə verə biləcək idmançılarımız var. Ümid edirəm ki, komandamız festivaldan Vətənə medallarla qayıdacaq”.


Qeyd edək ki, Avropa Gənclər Yay Olimpiya Festivalının taekvondo yarışları iyulun 23-25-də Skopye Bədən Tərbiyəsi Universitetində keçiriləcək.