UEFA-nın ikili standartları, yoxsa Əliyar Alidən niyə geri qaldı?
- 2020-10-27 11:56
- 1574
Sabah Rusiyanın Krasnodar şəhərində Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində maraqlı oyunlardan biri keçiriləcək. Yerli komanda məşhur “Çelsi”ni qəbul edəcək. Bu qarşılaşmanı şəxsən mənim üçün maraqlı məqamlardan biri odu ki, meydanda söz sahibi olacaq hakimlər qardaş Türkiyədəndi. Baş hakim funksiyasını Ali Payabıyık yerinə yetirəcək. UEFA Cüneyt Çakırdan sonra daha bir türk hakiminə yüksək etimad göstərməkdədi. Sevindirici məqam odu ki, qitənin ali futbol qurumu bu tur birdən-birə iki məsul qarşılaşmanı türk hakimlərə tapşırıb. Məşhur Cüneyt Çakır da görəv başında olacaq. Artıq adlarını əzbər bildiyimiz Bahəttin Duranla Tarık Duran “Sevilya” – “Renn” qarşılaşmasının idarəçiliyində Çakıra kömək edəcəklər.
Qayıdaq, Ali Payabıyıkın təyinatına. Onun adını həmişə diqqətdə saxlamağım səbəbsiz deyil. Qardaş ölkəni Avropanın yaşıl meydanlarında təmsil edən Payabıyık FİFA referisi kimi ilk oyununa Bakıda çıxıb. Maraqlı soyadıyla yanaşı Bakıda debüt oyununa çıxması Ali bəyi mənim üçün yaddaqalan hakimə çevirib, həmişə karyerasını diqqətlə izləmişəm. 2015-ci ilin 2 iyulunda “Bakcell Arena”da keçirilən qarşılaşma “Neftçi” üçün elə də uğurlu keçməmişdi. 34-cü dəqiqədə məğlub duruma düşən “ağ-qaralar” sonda 2:2 hesablı bərabərliklə yekunlaşmışdı. Səfərdəki 1:1 isə “Neftçi”nin növbəti mərhələyə yolunu bağladı. Bu qarşılaşma “Neftçi”nin avrokuboklardakı yolunu bağlasa da, Ali Palabıyık üçün uzun bir yolun başlanğıcı oldu.
Budur, aradan cəmi beş il keçib və Palabıyık artıq Çempionlar Liqasının qrup mərhələsində “Çelsi”nin oyununu idarə edir. Onun qısa müddətdə əldə etdiyi bu uğur adamda xoş bir qısqanclıq oyadır. Məsələ ondadı ki, Çempionlar Liqasının qrupuna gedən bu yolu keçmək hələlik heç bir azərbaycanlı hakimə nəsib olmayıb. Ali Palabıyık avrokuboklarda debüt edəndə bizim Əliyar Ağayev xeyli müddət idi ki, FİFA referisi adını daşıyırdı, təsnifat mərhələlərində görüşlər idarə edirdi. Hətta Ağayev həmin vaxt 2-ci kateqoriyaya da yüksəlmişdi. 2015-ci ilin dekabrında həmyerlimiz avrokubokların qrup mərhələsində debüt də etdi. Belə ki, dekabrın 10-da Avropa Liqasının qrup mərhələsində keçirilən “Rapid” (Vyana) – “Dinamo” (Minsk” görüşünün hakimləri Əliyar Ağayevin başçılıq etdiyi briqadanın üzvləri idi.
Aradan xeyli müddət keçib. Əliyar dişiylə-dırnağıyla 1-ci kateqoriyaya da yüksəlib, Avropa Liqasının qrup mərhələsinə və millilər səviyyəsində bir neçə görüşdə uğurlu idarəçiliklə yadda qalıb. Amma hələ də UEFA bizim hakimlərimizə tam etimad göstərmir, Ağayevi Çempionlar Liqasının qrup mərhələsində görmək arzumuz gerçəkləşməyib. Nə sirri-xudadı? Bu mövzuya daim diqqət ayırmışam, araşdırmalar aparmışam. Əvvəllər deyirdilər ki, Xəqani Məmmədovun UEFA-da nüfuzu yoxdu, ona görə bizimkiləri irəli çəkmirlər. İki ildən çoxdu ki, bir ətək pul töküb, avstriyalı Fritz Ştuxliki Bakıda yağ-bal içində bəsləyirik. Bununla ürəyimiz soyumur, UEFA Hakimlər Komitəsinin yunanıstanlı üzvü Kiros Vassarası da vaxtaşırı yüksək qonorarla Bakıya dəvət edirik. Yenə də Ağayevin qarşısında dayanan maneələr aradan qalxmır. UEFA-nın standartları fərqlidi, ya həqiqətən də Palabıyık Ağayevdən güclüdü?