UEFA-dan “Real”a azarkeş qalmaqalı ilə bağlı cəza
- 14:00
- 32
UEFA “Real”ı klubunu azarkeşlərdən birinin davranışına görə cəzalandırıb.
Rekord.az xəbər verir ki, hadisə Çempionlar Liqasının pley-off mərhələsində “Benfika” ilə cavab oyunu zamanı baş verib.
“Santyaqo Bernabeu” stadionunda keçirilən görüşdə televiziya kameraları tribunada olan bir azarkeşin nasist salamı göstərdiyini qeydə alıb.
UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi buna görə “Real”ı 15 min avro məbləğində cərimələyib. Bundan əlavə, klubun növbəti ev avrokubok oyununda stadionun cənub aşağı tribunasında yerləşən 500 yerin bağlanmasına qərar verilib. Lakin bu cəza bir illik sınaq müddəti ilə şərti xarakter daşıyır.
“Real” rəhbərliyi hadisədən dərhal sonra tədbir görüldüyünü açıqlayıb. Klubun təhlükəsizlik xidməti qaydanı pozan şəxsi müəyyən edərək stadiondan uzaqlaşdırıb və onun klub üzvlüyündən çıxarılması, eləcə də oyunlara ömürlük girişinin qadağan edilməsi üçün intizam komitəsinə müraciət edib.