Türkiyənin “Yeni Malatyaspor” klubunun kollektivi koronavirus testindən keçib.

Rekord.az xəbər verir ki, testlər nəticəsində Super Liqa təmsilçisinin dörd futbolçusunda koronavirus aşkarlanıb.

Bu barədə klub saytı məlumat yayıb. Bildirilir ki, adı açıqlanmayan oyunçular dərhal evlərində karantinə alınıblar. Onların müalicəsinə start verilib. Komandanın məşqçilər heyəti və digər üzvlərinin test nəticələrinin mənfi olduğu vurğulanıb.

Yeri gəlmişkən, “Yeni Malatyaspor”un millidən qayıdan futbolçuları – Jodi Lukoki və Yussuf Ndayişimiye Super Liqa klubunun düşərgəsinə zədəli qayıdıb. Bu üzdən onlar “Konyaspor”la Super Liqa matçının heyətinə daxil edilməyiblər.

“Yeni Malatyaspor”la yanaşı, elitanın digər təmsilçisi “Trabzonspor”da da bir futbolçu koronavirusa yoluxub. Bu barədə Trabzon klubunun mətbuat xidməti məlumat yayıb. Adı açıqlanmayan futbolçu karantinə alınıb və müalicəsinə başlanılıb. 

Qeyd edək ki, “Trabzonspor” Super Liqanın 5-ci turu çərçivəsində “Başakşəhər”lə qarşılaşacaq.